“Neftçi
İdman Klubu” neft, qaz və kimya sənayesi işçiləri arasında ilin son turnirini təşkil
etdi. Mini-futbol idman növü üzrə keçirilən və 31 dekabr – Dünya Azərbaycanlılarının
Həmrəylik Gününə həsr olunan yarışda dörd qrupda olmaqla 14 komanda mübarizə
aparırdı. “A” qrupunda “Bahar Enerji” Əməliyyat Şirkəti, “Bibiheybətneft” NQÇİ,
“Mədəngeofizika” İdarəsi, Ekologiya İdarəsi, “B” qrupunda “Suraxanı Oyl” Əməliyyat
Şirkəti, “Bos Şelf” MMC, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə
Eksperimental İstehsalat Müəssisəsi, “Abşeronneft” NQÇİ, “C” qrupunda “Qaz
İxrac” İdarəsi, Qaz Anbarlarının İstismarı İdarəsi, “28 May” NQÇİ, “D” qrupunda
isə Nəqliyyat İdarəsi, Kəşfiyyat Geofizika İdarəsi və “Neftqaztikinti” Trestinin
komandaları təmsil olunurdular.Dekabrın
19-dan 23-dək davam edən mini-futbol turnirinin keçirilməsində əsas məqsəd
neft, qaz və kimya sənayesi işçilərinin sağlamlıqlarının qorunması, onların
asudə vaxtlarının səmərəli təşkil olunması, eləcə də bu idman növünün kütləviləşməsinə
köməklik göstərilməsi və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik
Gününün təntənəli qeyd edilməsi idi.Suraxanı
qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində təşkil
olunan turnirdə finala Ekologiya və Nəqliyyat idarələrinin komandaları vəsiqə
qazandılar. Yarış boyu daha üstün oyunu ilə azarkeşlərin rəğbətini qazanan “Nəqliyyat”
komandası rəqibini 6:2 hesabı ilə məğlub etdi və turnirin qalibi adını qazandı.
Ekologiya İdarəsi 2-ci, “Neftqaztikinti” Trestinin komandası isə 3-cü yeri tutdu.Klubumuz
“ən yaxşı qapıçı”, “ən yaxşı oyunçu” və “ən məhsuldar oyunçu” nominasiyaları
üzrə də mükafatlar təsis etmişdi. Bu nominasiyaların qalibi adına müvafiq
olaraq Fuad Tağıyev (“Neftqaztikinti” Tresti), Samir Qarayev (Nəqliyyat İdarəsi)
və Tural Həsənov (Ekologiya İdarəsi) layiq görüldülər.1-ci,
2-ci və 3-cü yerləri tutmuş komandalara “Neftçi İdman Klubu” tərəfindən kubok,
diplom və qiymətli xatirə hədiyyələri təqdim olundu. Nominasiya qalibləri də diplom
və hədiyyələrlə mükafatlandırıldılar.