Birləşmiş
Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük dəbilqə”
beynəlxalq turniri başa çatıb. 34 ölkədən 157 idmançının (96 kişi, 61 qadın)
mübarizə apardığı yarışa Azərbaycan yığması 12 cüdoçu ilə qatılıb.Milli
komandamızın üzvləri turnirdə uğurla çıxış ediblər və 3 medala (1 qızıl, 1
gümüş, 1 bürünc) yiyələniblər.Böyük
qürur hissi ilə qeyd etmək lazımdır ki, ölkəmizə medal qazandıran cüdoçuların hər
üçü “Neftçi İdman Klubu”nun təmsilçiləridir. Onlardan 100 kiloqram çəki dərəcəsində
mübarizə aparan Elxan Məmmədov yarışa dörddəbir final mərhələsindən qoşulub.
Qazaxıstan idmançısı Aybek Serikbayevi və xorvatiyalı Zlatko Kumriçi məğlub edən
cüdoçumuz finala yüksəlib. Həlledici görüşdə o, braziliyalı Lusiano Korrea üzərində
qələbə qazanıb və mötəbər turnirin qızıl medalına layiq görülüb.73 kq
çəki dərəcəsində ölkəmizi təmsil edən Rio de Janeyro Yay Olimpiya Oyunlarının
mükafatçısı Rüstəm Orucov da mübarizəyə dörddəbir finaldan başlayıb. Bu mərhələdə
onun rəqibi ilk qarşılaşmasında pakistanlı Nadeem Əkrəmə qalib gələn komanda
yoldaşı Fəqan Quluzadə olub. Həmyerlimiz üzərində qələbə qazanan Orucov
yarımfinalda yerli idmançı Viktor Skvortovdan üstün olub və finala vəsiqəni təmin
edib. Həlledici qarşılaşmada İsveç təmsilçisi Tommi Makiasa məğlub olan
cüdoçumuz gümüş medala sahib olub.90 kq
çəkidə çıxış edən Tural Səfquliyev isə ilk görüşdə Seyşel adalarının təmsilçisi
Nanteniana Finessini məğlub etsə də, növbəti rəqibi, serbiyalı Aleksandr
Kukoljla bacarmayıb və təsəlliverici görüşə qatılıb. Cüdoçumuz bu mərhələdə
Braziliya idmançısı Eduardo Bettoniyə, üçüncü yer uğrunda görüşdə isə
almaniyalı Hannes Konnarda qalib gəlib və”Böyük dəbilqə”ni
bürünc medalla başa vurub.