İspaniyanın
Malaqa şəhərində gənclər arasında təşkil olunan cüdo üzrə Avropa birinciliyinə
yekun vurulub. 43 ölkədən 405 idmançının (229 oğlan, 176 qız) qatıldığı yarışda
Azərbaycan yığma komandası 13 cüdoçu ilə (10 oğlan, 3 qız) təmsil olunmuşdu.Milli
komandamızın üzvlərindən Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) əzmlə
mübarizə apararaq Avropa çempionu adını qazanıblar. Böyük qürur hissi ilə qeyd
etmək lazımdır ki, bu cüdoçuların hər ikisi “Neftçi İdman Klubu”nun yetirmələridir.
55 kq çəkidə çıxış edən Natiq Qurbanlı finala qədər maneəsiz irəliləyib. Bu
yolda o, Türkiyə təmsilçisi Oğuzhan Qaracanı, macarıstanlı Daniel Monorini və
gürcüstanlı İrakli Kupatadzeni məğlub edib. Həlledici final görüşündə Rusiya
cüdoçusu Ali Pafovla üz-üzə gələn Qurbanlı bu rəqibi üzərində də qələbə qazanıb
və qitə birinciliyinin qızıl medalına sahib olub. 73 kq çəki dərəcəsində
mübarizə aparan Hidayət Heydərov da eyni uğuru təkrarlayıb. Cüdoçumuz rumıniyalı
Aleksandru Raicu, Polşa idmançısı Tomasz Czerniaşski, britaniyalı Danile Povel
və kosovalı Akil Gjakova üzərində qələbə qazanaraq finala vəsiqəni təmin edib.
Həlledici mərhələdə gürcüstanlı Giorgi Katsiaşvilini də məğlub edən Hidayət
Heydərov Avropa çempionu tituluna yiyələnib.Yarışın
sonuncu günü komanda yarışları təşkil olunub. Klubumuzun yetirmələrinin də təmsil
olunduğu Azərbaycan yığması bu mötəbər yarışda tarixi uğura imza atıb. Gənc
cüdoçularımız əvvəlcə Böyük Britaniya, sonra isə Ukrayna yığmasını məğlub edərək
yarımfinala yüksəlib. Bu mərhələdə Hollandiya cüdoçuları üzərində inamlı qələbə
qazanan millimiz tarixində ilk dəfə olaraq Avropa birinciliyinin komanda
yarışlarının finalında iştirak etmək hüququ əldə edib. Yığma komandamızın
finaldakı rəqibi Gürcüstan millisi olub. Maraqlı və gərgin idman mübarizəsi şəraitində
keçən qarşılaşmada millimiz güclü rəqibinə 2:3 hesabı ilə məğlub olaraqkomanda yarışlarında Avropa birinciliyinin gümüş medalına
sahib olub.