Xəbərlər


Yeniyetmə güləşçilərin Avropa birinciliyindən daha bir medal

Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa birinciliyi başa çatıb.

"Neftçi İdman Klubu”nun Azərbaycan yığmasının heyətində təmsil olunan yunan-Roma güləşçisi, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Kənan Abdullazadə ilk mərhələdə türkiyəli həmkarına qalib gəlib. O, daha sonra erməni rəqibini "tuşe" ilə xalçadan məyus yola salıb. Ancaq Ukrayna təmsilçisi ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşə çıxıb və Yunanıstan idmançısı üzərində "tuşe" ilə inamlı qələbə qazanıb. Estoniyalı pəhləvanı da məğlub edənKənan Abdullazadə qitə birinciliyinin bürünc medalına yiyələnib.

Xatırladaq ki, mötəbər yarışın əvvəlki günlərində klubumuzun daha bir yetirməsi Abdulrəhman İbrahimov (60 kq) sərbəst güləşçilər arasında gümüş medala layiq görülmüşdü.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz qitə birinciliyində tarixi uğura imza atıb. Belə ki, 4 qızıl və 3 bürünc medal qazanan yığmamız 153 xal toplayaraq Azərbaycan güləş tarixində ilk dəfə Avropa çempionu olub. Komandamız 10 çəkidən 9-da təmsil olunmasına baxmayaraq, ən yaxın izləyicisi olan Gürcüstanı 21, üçüncü yeri tutan Ukraynanı isə 43 xal qabaqlayıb.