Xəbərlər


“The FTX Crypto Cup” şahmat turniri başa çatıb

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour” onlayn seriyasının "The FTX Crypto Cup” turnirinə yekun vurulub.

Final mərhələsinin oyunlarında "Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov üçüncü yer uğrunda rusiyalı Yan Nepomnyaşi ilə ikinci dövrədə üz-üzə gəlib. Qarşılaşma şahmatçımızın məğlubiyyəti ilə sona yetib. Beləliklə, Teymur Rəcəbov mükafatçılar sırasına düşə bilməyib. Xatırladaq ki, birinci dövrədə bu iki rəqib arasında heç-heçə qeydə alınmışdı.

Norveçli dünya çempionu Maqnus Karlsen finalda ABŞ şahmatçısı Uesli So üzərində qələbə qazanaraq turnirin qalibi adını qazanıb.

Qeyd edək ki, Teymur Rəcəbov "Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - "Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Şahmatçımız seriyanın üçüncü mərhələsində - "Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.

"The FTX Crypto Cup” turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində "bitcoin” təşkil edir.

"Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.