Xəbərlər


Paracüdoçularımız Bakı Qran-prisində 5 medala sahib olublar

Bakıda keçirilən paracüdo üzrə "IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq Qran-pri turnirinə yekun vurulub. Yarışda 38 ölkədən 200 idmançı qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun Azərbaycan komandasının heyətində təmsil olunan yetirmələri mötəbər yarışın 5 medalına (2 qızıl, 1 gümüş, 2 bürünc) yiyələniblər. Paracüdoçularımızdan Sevda Vəliyeva (57 kq) və Xanım Hüseynova (63 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Hüseyn Rəhimli (81 kq) gümüş, Bəsti Səfərova (52 kq) və Afaq Sultanova (57 kq) isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, 9 medal qazanan Azərbaycan paracüdo komandası ümumi hesabda beynəlxalq Qran-pri turnirini birinci yerdə başa vurub. Özbəkistan yığması ikinci, Braziliya paracüdoçuları isə üçüncü yeri tutublar.

"IBSA Judo Grand-Prix Baku 2021” Qran-prisi Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.