Xəbərlər


Teymur Rəcəbov “The FTX Crypto Cup” turnirində pley-offa vəsiqə qazanıb

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - "The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsi sona yetib.

"Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov təsnifat mərhələsinin son partiyalarında mübarizəsini davam etdirib. O, ilk qarşılaşmada niderlandlı Aniş Giriyə məğlub olub. Sonrakı turda çinli Liren Dinqə qalib gələn şahmatçımız növbəti partiyalarda rusiyalı şahmatçılar Aleksandr Qrişuk və Daniil Dubovla xalı yarı bölüb. Son turda Maqnus Karlsen ilə üz-üzə gələn klubumuzun yetirməsi bu qarşılaşmadan məğlub ayrılıb.

Teymur Rəcəbov təsnifat mərhələsində yekun nəticədə 8,5 xal toplayaraq 7-ci pillədə qərarlaşmaqla pley-offa vəsiqə qazanıb.

Təsnifat mərhələsinin yekunlarına görə, ilk səkkizlikdə yer alan şahmatçılar pley-offa iştirak etmək hüququ qazanıblar.

Xatırladaq ki, Teymur Rəcəbov "Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - "Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Şahmatçımız seriyanın üçüncü mərhələsində - "Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.

Qeyd edək ki, "Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.