Xəbərlər


Şahmatçımız Teymur Rəcəbov “The FTX Crypto Cup” turnirində liderliyə yüksəlib

Bu gün "Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbovun da qatıldığı "Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - "The FTX Crypto Cup” turnirinin altıncı turunun partiyaları oynanılıb. Günün ilk qarşılaşmasında təmsilçimiz yarışın digər azərbaycanlı iştirakçısı Şəhriyar Məmmədyarovla üz-üzə gəlib. Görüşdə heç-heçə qeydə alınıb. Sonrakı turda Teymur Rəcəbov rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib, ABŞ təmsilçisi Uesli So və fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edib. Günün son turunda argentinalı A.Piçotu məğlubiyyətə uğradan şahmatçımız xallarının sayını 6,5-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib.

Xatırladaq ki, "The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı iştirak edir. Üç gün davam edəcək ilkin mərhələnin yekunlarına görə, pley-offda mübarizə aparacaq 8 şahmatçı müəyyənləşəcək.

Qeyd edək ki, "Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.