Ümummilli lider Heydər Əliyev hələ sovetlər dövründə Azərbaycan SSR-ə rəhbərlik etdiyi dönəmdə (1969-1982-ci illər) respublikada iqtisadi-sosial sahənin inkişafına böyük önəm verilmiş və göstərilən səylər nəticəsində qarşıya qoyulan məqsədə nail olunmuşdur. Heydər Əliyev istər bu illərdə, istərsə də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi vaxtlarda daim Azərbaycan idmanının inkişafı yolunda böyük işlər görmüş, bu istiqamətdə var gücü ilə çalışmışdır.
Heydər Əliyev hələ o dövrlərdə "Neftçi İdman Klubu"nun idmançılarına böyük diqqət və qayğı göstərmişdir. O, bu və ya digər formada idmançılara dəstək verərək onların SSRİ ərazisində keçirilən müxtəlif yarışlarda iştirak etməsinə, eləcə də daha yaxşı hazırlığı olan atletlərin SSRİ-nin yığma komandalarının heyətində yer alaraq Avropa, dünya və Olimpiya yarışlarında iştirak etmələrinə yardım göstərmişdir.
Müstəqillik dönəmində yenidən Azərbaycan Prezidenti seçildikdən sonra isə ölkə idmanının inkişafı istiqamətində daha ciddi addımlar atmış, paytaxt və respublikanın müxtəlif bölgələrində yeni idman komplekslərinin tikintisi böyük vüsət almışdır. 1996-cı il Atlanta, 2000-ci il Sidney olimpiadaları ərəfəsində həmin mötəbər yarışlarda iştirak edən idmançılarla şəxsən görüşmüş və onlara yüksək qələbə ruhu aşılamışdır. Əvəzində idmançılarımız da bu olimpiadalarda böyük uğurla çıxış etmiş, Vətənə medallarla dönmüşlər.
1997-ci ildə "Neftçi İdman Klubu"nun 60 illik yubileyi münasibətilə Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksinə təşrif buyurmuş ümummilli lider orada klubun məşqçi-müəllimləri, idmançıları ilə görüşmüş və onlara hər cür qayğı göstərmişdir. O, ömrünün sonuna kimi idmana və idmançılara göstərdiyi çox yaxın və doğma münasibəti ilə diqqəti cəlb etmiş və idman ictimaiyyətinin böyük hörmətini qazanmışdır.
Hal-hazırda isə ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun bu missiyasını şərəflə davam etdirir. Elə bunun nəticəsidir ki, artıq ölkəmiz Avropa və dünya dövlətləri arasında idman ölkəsi kimi tanınmışdır.
"Neftçi” İdman-Sağlamlıq Mərkəzinin (hazırkı "Neftçi İdman Klubu") 60 illik yubileyi
və mərkəzin idman kompleksinin açılışı münasibətilə keçirilən mərasimdə
ümummilli lider Heydər Əliyevin nitqi
- Əziz dostlar, idmançılar!
- Hörmətli xanımlar və cənablar!
Bu gün bizi buraya, bu salona bir neçə əlamətdar
hadisə toplamışdır. Bir neçə yubiley təntənəsi üst-üstə düşüb, hamısını birlikdə
qeyd edirik. Azərbaycan idmanının inkişafında böyük xidmətləri olan "Neftçi” Cəmiyyətinin
60 illiyi, "Neftçi” futbol komandasının 50 illiyi, idman-sağlamlıq mərkəzi
kompleksinin açılış mərasimi və nəhayət, son illərdə, xüsusən 1996-cı ildə Azərbaycan
Respublikası idmançılarının əldə etdikləri nailiyyətlərin yekunlaşdırılması -
bunlar hamısı birlikdə bizim bugünkü mərasimimizə xüsusi əhəmiyyət və keyfiyyət
verir.
Mən sizin hamınızı, Azərbaycanın bütün
idmançılarını bu təntənəli yubileylər münasibətilə təbrik edirəm, Azərbaycan
idmançılarına yeni uğurlar, respublikamızın idmanına gələcək yüksəliş
arzulayıram.
Xalqımız, millətimiz fəxr edə bilər ki, biz insan
həyatının, cəmiyyətinin mühüm sahəsi, ayrılmaz bir hissəsi olan idmanda belə
yüksək zirvələrə qalxa bilmişik, böyük nailiyyətlər əldə etmişik. O nailiyyətlər
haqqında bu gün burada konkret faktlar gətirildi, nümunələr göstərildi. Həqiqətən,
Azərbaycan idmançılarının dünya yarışlarında, Olimpiya oyunlarında, keçmiş
Sovetlər İttifaqının yarışlarında və son illərdə keçirilən cürbəcür beynəlxalq
yarışlarda əldə etdikləri nailiyyətlər xalqımızın milli sərvətidir. Biz bununla
fəxr edirik və bu, xalqımızı gələcəkdə də idmana cəlb etmək üçün böyük amildir.
İnsan yaranandan bəri idman onunla bərabər inkişaf
edibdir. İnsan idmansız yaşaya bilməz. Hər bir insan, idmanla məşğul olmadığını
bəyan etsə də, onsuz da məşğul olur. İnsanın hər bir fiziki hərəkəti idmandır.
Ancaq idmanın formalaşmış nümunələrindən istifadə etmək və onu insan həyatının
ayrılmaz hissəsi kimi qəbul etmək - bu, idmanın yüksək nümunələridir. Hesab
edirəm ki, xalqımız bütün əsrlərdə qəhrəmanlıq, cəsurluq, döyüş nümunələri göstərərkən,
məhz fiziki cəhətdən sağlam, dözümlü, dəyanətli olduğuna görə belə zirvələrə
çatıbdır.
Keçmiş əsrlərdə xalqımız arasında idmanın bir çox
növləri böyük şöhrət qazanmışdır. Əsrlərdən-əsrlərə Azərbaycan pəhləvanları
xalqımızda nə qədər fiziki güc, qüdrət, iradə olduğunu sübut etmişlər. Xalqımız
öz pəhləvanları, cəngavərləri, qəhrəmanları ilə fəxr etmişdir. Qəhrəmanlıq yüksək
fiziki keyfiyyətlər, cəsarət, iradə tələb edir. Bunlarsız insan qəhrəman ola
bilməz. Bunların olması, insanda cəmləşməsi də onun fiziki cəhətdən nə qədər
yüksək zirvələrə çatdığını göstərir. Bunlar hamısı idmandır. Bəzən insanlar
idmanın ayrı-ayrı növlərinin son dövrdə, yəni idmanın mütəşəkkil surətdə
yayıldığı dövrdə yarandığını hesab edirlər. Ancaq belə deyil, insan həmişə
idmanla bir yerdə olubdur.
İndi müasir həyat tələb edir ki, insan idmanla
daha çox məşğul olsun. Hesab edirəm ki, xalqımız müstəqil Azərbaycanda idmanla
məşğul olmaq üçün daha da çox imkanlar əldə edibdir. Azərbaycanın idman
ustalarının beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlər onu göstərir ki,
xalqımızın idman sahəsində böyük potensialı var. Ancaq bu potensialı hərəkətə gətirmək,
inkişaf etdirmək, yüksək beynəlxalq standartlar səviyyəsinə çatdırmaq üçün
idmanı təşkil etmək ona qayğı göstərmək lazımdır. Məhz buna görə də son illər
biz, Azərbaycan dövləti, bütün çətinliklərə baxmayaraq müstəqil Azərbaycan
Respublikasında idmanın inkişafı üçün lazımi vəsait ayırmağı zəruri hesab
etmişik və bundan sonra da bu tədbirləri görəcəyik.
Bu gün biz burada "Neftçi” İdman Mərkəzinin
abadlaşdırılmış, bərpa olunmuş, yeniləşdirilmiş, təmir edilmiş kompleksi ilə
tanış olduq. Gördüyümüz şəxsən məni çox sevindirir. Həm "Neftçi” İdman Cəmiyyəti,
həm Dövət Neft Şirkəti, Gənclər və İdman Nazirliyi, həm Suraxanı rayonunun İcra
Hakimiyyəti birlikdə çox iş görüblər, bu kompleksin müasir səviyyəyə
çatlırılması üçün tədbirlər həyata keçiriblər və böyük nailiyyətlər əldə ediblər.
Mən bunu bəyənir, təqdir edirəm və bu işləri görənlərin hamısına təşəkkürümü
bildirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu kompleks "Neftçi” İdman
Cəmiyyətində idmanın daha da yüksəklərə qaldırılmasına, Azərbaycan gəncləri içərisindən
idman ustalarının hazırlanmasına və idmanın kütləviliyinin təmin olunmasına
xidmət edəcəkdir.
Mən dəfələrlə öz fikrimi bildirmişəm və bu gün bir
daha demək istəyirəm ki, idman təkcə ayrı-ayrı çempionların əldə etdikləri
nailiyyətlərdən ibarət olmamalıdır, idman kütləvi olmalıdır. Bədən tərbiyəsi Azərbaycan
xalqının həyatına, Azərbaycan cəmiyyətinin hər bir hüceyrəsinə sirayət etməlidir.
Bu bizim məqsədimizdir. Çalışmalı və nail olmalıyıq ki, Azərbaycanda bədən tərbiyəsi
geniş yayılsın, gənclər məktəblərdə, insanlar hər yerdə - müəssisələrdə, təşkilatlarda
bədən tərbiyəsi ilə məşğul olsunlar. Bu, xalıqımızın fiziki, mənəvi sağlamlığının
əsasını təşkil edən amillərdən biridir. Biz çalışırıq və çalışmalıyıq ki,
xalqımız sağlam olsun, gənc nəsillər sağlam yetişsinlər. Xalqımızın həm fiziki
sağlamlığını, həm şüuri, mənəvi sağlamlığını təmin etmək dövlətimizin ali məqsədi,
vəzifəsidir. Bu vəzifəni yerinə yetirmək üçün bədən tərbiyəsini geniş yaymalı,
ona geniş imkanlar yaratmalı, insanları bədən tərbiyəsinə, idmana kütləvi surətdə
cəlb etməliyik.
Xalqımızın görkəmli nümayəndələrinin idman sahəsində
indiyə qədər əldə etdikləri nailiyyətlər və ümumiyyətlə, tarix boyu qəhrəmanlıq
salnaməsi xalqımızın fiziki cəhətdən nə qədər sağlam kökləri olduğunu bildirir.
Biz bu kökləri yaşatmalı, inkişaf etdirməli, sarsılmaz, böyük bir çinara döndərməliyik.
Elə etməliyik ki, gələcək nəsillərimiz daha sağlam, güclü olsunlar, mənəviyyatca
daha da yüksək səviyyələrə çatsınlar.
İdman bunun üçün gözəl vasitədir, bədən tərbiyəsi əsas
vasitələrdən biridir. İnsanların fiziki, mənəvi sağlamlığı, şüurunun inkişaf
etməsi idmanla, bədən tərbiyəsi ilə sıx bağlıdır. Ona görə də mən daim idmana,
bədən tərbiyəsinə xüsusi əhəmiyyət vermişəm və verirəm, Azərbaycan Prezidenti
kimi öz qayğımı bundan sonra da göstərəcəyəm. İdmanla, bədən tərbiyəsi ilə məşğul
olan bütün təşkilatlar, Azərbaycan Gənclər və İdman Nazirliyi bu imkanlardan
istifadə etməli, ölkəmizdə idmanı, bədən tərbiyəsini geniş inkişaf etdirmək
üçün çalışmalıdırlar.
Qarşımızda beynəlxalq yarışlar, 2000-ci ilin dünya
Olimpiya oyunları durur. Biz bunlara hazırlaşmalıyıq. Azərbaycan Respublikası
idmançılarının son illər beynəlxalq yarışlarda, dünya çempionatlarında əldə
etdikləri nailiyyətlər, qızıl, gümüş, bürünc medallar idmanımızın nə qədər
böyük potensialı olduğunu göstərir. Eyni zamanda onu göstərir ki, xalqımız
milli azadlığını əldə edəndən, Azərbaycan müstəqil dövlət olandan sonra
xalqımızın daxilindəki bu potensial daha güclü inkişaf edir. Çünki keçmiş
zamanlarda biz heç vaxt beynəlxalq yarışlarda Azərbaycan müstəqillik
qazandıqdan sonra əldə etdiyimiz qədər nailiyyətlər əldə etməmişdik.
Biz müstəqil dövlətik və ölkəmizin yığma
komandasının Atlantada Olimpiya Oyunlarında Azərbaycan bayrağı altında iştirak
etməsini hamımız böyük iftixar hissi ilə seyr edir, fərəhlənir, sevinirdik.
Sevinməyə haqqımız da var. Çünki orada bayrağımız dalğalanırdı, dünya dövlətlərinin
komandaları arasında müstəqil Azərbaycan dövlətinin də komandası vardı. Nəinki
vardı, hətta bu komandanın bəzi üzvləri yüksək nailiyyətlər də əldə etdilər.
Bu bizim ilk addımımız idi. Ancaq tam əminəm ki, gələn
Olimpiya oyunlarına qədər idmanımız inkişaf edəcəkdir, Azərbaycan idmançıları
özlərini hazırlayacaqlar və gələn Olimpiya oyunlarında Azərbaycan idmanı, ölkəmizin
idmançıları, Azərbaycan Respublikası daha yüksək pillələrə qalxacaqdır. Mən
buna tam əminəm. Bunun üçün Azərbaycan dövləti və prezidenti kimi mən bütün
imkanları yaradacağıq. Buna arxayın, əmin ola bilərsiniz.
Bu gün sizinlə - Azərbaycan idmanının görkəmli
nümayəndələri ilə, veteranlarla və gənclərlə görüşməyimdən çox məmnunam.
Bilirsiniz, bu gün biz burada həm idman tariximizi görür, həm də bugünümüzü, gələcəyimizi
görürük. İdman veteranları ilə görüşəndə, onları burada görəndə iyirmi-otuz,
qırx il bundan öncə Azərbaycan idmanının bayrağını qaldıranları görürük,
tariximizin nə qədər zəngin olduğunu görürük.
Bu gün idmançıları, gəncləri, yeniyetmələri görəndə,
idmançı uşaqları görəndə bugünümüzün daha parlaq olduğunu dərk edir və gələcəyimizin
nə qədər gözəl olacağını təsəvvür edirik. Bu, xoşbəxt bir gün, xoşbəxt dövrdür.
Keçmişimizə görə fəxr edə bilərik. Mən Azərbaycan
idmanını bu səviyyəyə qaldıranlara, idmanımızın veteranlarına, respublikamızda
idmanın inkişafı üçün xidmət göstərənlərin hamısına hörmət və ehtiramımı
bildirir və təşəkkür edirəm. Bu gün Azərbaycan idmanının inkişafı üçün xidmət
göstərənlərə, bu sahədə çalışanların hamısına uğurlar arzulayıram. Əmin ola bilərsiniz
ki, bu sahədə gördüyünüz işlərin hamısı Azərbaycan dövləti tərəfindən dəstəklənəcəkdir.
Çünki bu, həyatımızın mühüm sahəsidir.
Azərbaycanın gənclərinə cansağlığı arzu edirəm.
Onlar Azərbaycanın gələcəyidir. Bütün sahələrdə Azərbaycanın gələcəyi
parlaqdır. Xüsusən, respublikamızın gələcəyini təşkil edən gənclərimiz, onların
fiziki hazırlığı, gələcək üçün gördükləri iş böyük əhəmiyyət kəsb edir. Bunlar
hamısı birlikdə hər bir Azərbaycan vətəndaşında yüksək milli iftixar, vətənpərvərlik
hissi doğurur.
İdman eyni zamanda insanlarda vətənpərvərlik
hissini yüksəldən amillərdən biridir, xalqımızın döyüş qabiliyyətini artıran
amillərdən biridir. Biz müstəqil dövlətik, Milli Ordumuz var. Hər il gənclər
Milli Ordumuza xidmətə gedirlər. İdman nə qədər çox inkişaf etsə, gənclər bədən
tərbiyəsinə nə qədər çox qoşulsalar, məktəblərdə bədən tərbiyəsi nə qədər geniş
yayılsa, orduya gedən gənclərimiz bir o qədər sağlam olacaq, yüksək fiziki
keyfiyyətlərə malik olacaqlar. Bu da onların döyüş qabiliyyətini artıracaq,
orduda ləyaqətlə xidmət etmələri üçün əsas yaradacaqdır.
Ordumuz gündən-günə güclənir və güclənməlidir. Azərbaycanı
qorumaq, Azərbaycan dövlətinin müstəqilliyini daim saxlamaq üçün güclü ordumuz
olmalıdır və belə ordu yaranır. İndi ordumuz Azərbaycan torpaqlarının keşiyində,
müdafiəsində durubdur. Ordumuz işğal olunmuş Azərbaycan torpaqlarının azad
edilməsi üçün, lazım gələrsə, hər zaman döyüşə hazır olmalıdır. Bunların
hamısını təmin etmək üçün gənclərimiz sağlam olmalı, bədən tərbiyəsi və idmanla
məşğul olmalıdırlar.
Görürsünüz, bədən tərbiyəsi, idman həyatımızın,
demək olar, bütün tərəflərini, istiqamətlərini əhatə edir. İdman, bədən tərbiyəsi
nə qədər mühüm bir sahə, nə qədər gözəl işdir. Bədən tərbiyəsi, idman insana
fiziki hazırlq verir, insanı fiziki cəhətdən möhkəmləndirir, ona gözəllik
verir. Arzumuz da budur. Şəxsən mənim daim arzum odur ki, Azərbaycan milləti, hər
bir azərbaycanlı fiziki cəhətdən güclü, sağlam olsun, gözəl, ağıllı, şüurlu
olsun. Biz belə gənc nəsil hazırlamalıyıq, belə gənc nəslin hazırlanması üçün
bütün imkanlarımızdan istifadə etməliyik. Bu imkanlardan biri də bədən tərbiyəsi,
idmandır.
Əmin olduğumu bildirmək istəyirəm ki, idmanla məşğul
olan bütün təşkilatlar qarşılarında duran vəzifələrin nə qədər məsuliyyətli, şərəfli
olduğunu dərk edirlər. Əminəm ki, onlar indiyə qədər olduğu kimi, bundan sonra
da öz peşələrinə, işlərinə, xalqımıza, Vətənimizə sadiq olacaqlar. Bu əlamətdar
hadisələr münasibəti ilə sizi bir daha təbrik edir, cansağlığı, səadət arzulayır,
Azərbaycanda bədən tərbiyəsinin, idmanın inkişafı yolunda sizə uğurlar diləyirəm.
Sağ olun.
25 yanvar 1997-ci il