Xəbərlər


Dama üzrə Bakı çempionatı keçirilib

Həmkarlar İttifaqı Respublika Şahmat və Dama Klubunda 64 xanalı dama üzrə kişilər və qadınlar arasında Bakı şəhər çempionatı keçirilib. İsveçrə sistemi ilə keçirilən 7 turluq yarışda 24 idmançı bacarığını nümayiş etdirib.

"Neftçi İdman Klubu”nun damaçıları paytaxt yarışının 2 qızıl və 1 bürünc medalını qazanıblar. Təmsilçilərimizdən beynəlxalq usta Pərviz Həsənov kişilərin yarışında 14 mümkün xaldan 12-ni toplayıb və qızıl medala sahib olub. Famil Kamilli (10 yaşa qədər oğlanlar arasında dördqat Avropa və dünya çempionu) isə 11 xalla 2-3-cü yerləri bölüşdürüb. Ancaq əlavə göstəricilərə görə idmançımız 3-cü sırada qərarlaşıb. Zərif cinsin nümayəndələri arasında idman ustası Ülkər Babanlı (10 yaşadək qızlar arasında Avropa çempionu) topladığı 8 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, hər üç idmançımız oktyabrda keçiriləcək Azərbaycan çempionatında iştirak etmək hüququ qazanıb.