Xəbərlər


“Neftçi İdman Klubu”nun daha iki güləşçisi Rio Olimpiadasında medal qazandı

Braziliyanın Rio de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarına yekun vurulub.

Olimpiadanın son günlərində təşkil olunan sərbəst güləş yarışlarında "Neftçi İdman Klubu”nun yetirmələri böyük uğura imza atıblar. Belə ki, güləşçilərimiz mötəbər yarışın 1 gümüş və 1 bürünc medalına sahib olublar.

57 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionu Hacı Əliyev səkkizdəbir finalda Koreya idmançısı Yunsik Yunla üz-üzə gəlib və qələbə qazanaraq dörddəbir finala yüksəlib. Bu mərhələdə gürcüstanlı Vladimir Xinçeqaşvili ilə qarşılaşan güləşçimiz məğlub olub. Ancaq rəqibin finala yüksəlməsi ilə Hacı təsəlliverici görüşlərə qatılmaq imkanı qazanıb. Bu qarşılaşmada Qazaxıstan təmsilçisi Nurislam Sanayev üzərində qələbə qazanan idmançımız bürünc medal uğrunda görüşdə bolqarıstanlı Vladimir Dubovla üz-üzə gəlib. Rəqibini təmiz qələbə ilə məğlub edən Hacı Əliyev Rio Olimpiadasının bürünc medalına yiyələnib.

Hacı Əliyev qələbədən sonra bunları söyləyib: "Olimpiya Oyunlarında ustalıqla yanaşı, şans da rol oynayır. Bir çox idmançı bu Olimpiya Oyunlarında məğlub oldu. Mən rəqibim Gürcüstan təmsilçisinə uduzacağıma inanmırdım. Çünki ona qalib gələcəyimə dair güclü hissim var idi. Olimpiya Oyunlarında həmişə belə sensasiyalar baş verir. Ən əsası odur ki, "Rio-2016”nı medalsız başa vurmadım”.

Olimpiadanın son günündə klubumuzun daha bir yetirməsi, Olimpiya çempionu Toğrul Əsgərov (65 kq) mükafat uğrunda mübarizəyə qoşulub. O, səkkizdəbir finalda ukraynalı Andrey Kvyatovsk üzərində 12:2 hesabı ilə təmiz qələbə qazanıb. İdmançımız dörddəbir finalda ABŞ təmsilçisi Frank Anyello Molinaronu da təmiz qələbə ilə (10:0) məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə italiyalı Frank Çamizonu üstələyən London Olimpiadasının qalibi finala vəsiqəni təmin edib. Həlledici görüşdə rusiyalı Soslan Ramonova məğlub olan güləşçimiz XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib olub.

Toğrul Əsgərov yarışdan sonra jurnalistlərə açıqlama verib: "Olimpiya Oyunlarından medalla qayıtmaq uğur sayılmalıdır. Əlbəttə, çox istəyirdim ki, qızıl medal qazanım. Görüşün əvvəlində rəqibin bilmirəm başı, ya çiyni almacıq sümüyümə dəydi.Bir an içində gözüm qaraldı, heç nəyi görmürdüm, heç nəyi hiss etmirdim. Özümə gəlməyə macal da tapmadım. Həkimə müraciət edə bilərdim. Amma nə baş verdiyini heç anlamadım. Sırf təsadüf nəticəsində bu talesizliyi yaşadım. Özümə gələndə artıq gec idi. Onunla rəqabətdə qalib gəlib psixoloji üstünlük əldə etmişdim. Yenə də medalsız qayıtmadığım üçün şükürlər edirəm. Ötən dövrdəki zəhmətim, məşqçilərimin zəhməti, əziyyəti hədər getmədi. Amma qızılı əldən verdim və buna görə təəssüflənirəm. Hələ də özümə gələ, bunu özümə bağışlaya bilmirəm”.

Beləliklə, "Neftçi İdman Klubu”nun yetirmələrinin Rio Olimpiadasında qazandıqları medalların sayı beşə çatıb. Xatırladaq ki, mötəbər yarışın əvvəlki günlərində cüdoçularımız Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) gümüş, yunan-Roma güləşçimiz Rəsul Çunayev (66 kq) isə bürünc medala yiyələnmişdi.

“Neftçi İdman Klubu”nun daha iki güləşçisi Rio Olimpiadasında medal qazandı“Neftçi İdman Klubu”nun daha iki güləşçisi Rio Olimpiadasında medal qazandı“Neftçi İdman Klubu”nun daha iki güləşçisi Rio Olimpiadasında medal qazandı“Neftçi İdman Klubu”nun daha iki güləşçisi Rio Olimpiadasında medal qazandı
“Neftçi İdman Klubu”nun daha iki güləşçisi Rio Olimpiadasında medal qazandı
“Neftçi İdman Klubu”nun daha iki güləşçisi Rio Olimpiadasında medal qazandı