Xəbərlər


Rəsul Çunayev “Rio-2016”da ölkəmizə beşinci medalı qazandırıb

Rio de Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Azərbaycan yığma komandası Rio Olimpiadasında beşinci medalını qazanıb.

Qürurverici haldır ki, bu medalı ölkəmizə "Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi, ötən il Las-Veqasda keçirilən dünya çempionatında birinci yeri tutmuş, Avropa çempionatının qızıl və gümüş medalçısı, 2015-ci ildə Bakıda təşkil olunan birinci Avropa Oyunlarının qalibi Rəsul Çunayev (66 kq) qazandırıb. İdmançımız mübarizəyə 1/16 finaldan başlayıb. O, ilk görüşdə Kuba təmsilçisi Migel Palasio Martinezlə üz-üzə gəlib. Güləşçimiz qarşılaşmaya uğursuz başlasa da, sonda məğlubiyyətdən qurtula bilib. Rəsul 0:2 hesabı ilə geridə olduğu halda görüşü 4:2 hesablı qələbəylə yekunlaşdırıb. Növbəti mərhələdə Olimpiya çempionu, rusiyalı İslambek Albiyevlə qarşılaşmada da Çunayev 0:2 hesabı ilə geridə olmasına baxmayaraq, güclü rəqibini məğlub etməyi bacarıb – 3:2. Dörddəbir finalda Əlcəzair idmançısı Tarek Aziz Benaissa ilə üz-üzə gələn güləşçimiz rəqibinə elə ilk hissədəcə təmiz qələbə ilə (10:2) qalib gəlib. Təəssüf ki, yarımfinalda Rəsul Çunayev bu uğurun davamını gətirə bilməyib və erməni Miqran Arutyunyana 1:4 hesabı ilə məğlub olub. Buna baxmayaraq, idmançımız medal qazanmaq şansını itirməyib. O, bürünc medal uğrunda Cənubi Koreya təmsilçisi, dünya çempionu Hansu Ryu ilə mübarizə aparıb və rəqibi üzərində 8:0 hesablı parlaq qələbə qazanaraq Rio de Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub.

Yarış başa çatdıqdan sonra Rəsul Çunayev media nümayəndələrinə açıqlama verib: "Rioya qızıl medal üçün gəlmişdim, ancaq təəssüflər olsun ki, bunu bacarmadım. Məni dəstəkləyən hər kəsə çox minnətdarlığımı bildirirəm. Mən də istərdim ki, onları sevindirim. Tənqid edənləri də başa düşürəm. Miqran Arutyunyana uduzmuşam. Ancaq bilin ki, hamıdan çox özüm qələbə qazanmaq istəyirdim. Bu dəfə alınmadı. Mən uzun müddətdi 66 kq çəkidə çıxış etmirdim. Olimpiadaya düşmək üçün çəkimi salmalı oldum. Bu amil məğlubiyyətimdə çox böyük rol oynadı. Püşküm də çətin düşmüşdü. 1/8 finalda Olimpiya çempionu ilə qarşılaşdım. Sonuncu rəqibim koreyalı güləşçi isə dünya çempionu idi. Ancaq qalib gəlmək istəyirsənsə, gərək güclü idmançını yolundan kənarlaşdırasan. Yalnız yarımfinalda səhvə yol verdim”.

Xatırladaq ki, güləş yarışlarının ilk günündə klubun yetirmələri Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) müvafiq olaraq, 5-ci və 7-ci yerləri tutublar.

Qeyd edək ki, Rəsul Çunayev "Neftçi İdman Klubu”nun Rio Olimpiadasında medal qazanmış üçüncü təmsilçisidir. Bundan əvvəl cüdoçularımız Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) mötəbər yarışın gümüş medallarına sahib olmuşdular.

Rəsul Çunayev “Rio-2016”da ölkəmizə beşinci medalı qazandırıbRəsul Çunayev “Rio-2016”da ölkəmizə beşinci medalı qazandırıbRəsul Çunayev “Rio-2016”da ölkəmizə beşinci medalı qazandırıbRəsul Çunayev “Rio-2016”da ölkəmizə beşinci medalı qazandırıb
Rəsul Çunayev “Rio-2016”da ölkəmizə beşinci medalı qazandırıb
Rəsul Çunayev “Rio-2016”da ölkəmizə beşinci medalı qazandırıb