Xəbərlər


“Neftçi İdman Klubu”nun daha bir cüdoçusu Rio Olimpiadasında gümüş medala sahib oldu

Braziliyanın Rio de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları davam edir.

Azərbaycan yığma komandası Rio Olimpiadasında ikinci gümüş medalına yiyələnib.

Sevindirici haldır ki, bu medalı da ölkəmizə "Neftçi İdman Klubu”nun cüdoçusu Elmar Qasımov qazandırıb. 100 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/16 final mərhələsində Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Taqir Xaybullayevi məğlub edib. O, səkkizdəbir finalda əlcəzairli Lyes Bouyakoubla üz-üzə gəlib. Görüşdə hər iki idmançı bir vazari xalı qazansa da, Elmarın şidosunun rəqibindən az olması (1:2) ona qələbə bəxş edib. Növbəti mərhələdə Afrika çempionatının qalibi, misirli Ramadan Dərvişi məğlub etmək üçün klubumuzun yetirməsinə cəmi 54 saniyə bəs edib. İpponla qələbə qazanan cüdoçumuz yarımfinala yüksəlib. Bu mərhələdə onun rəqibi Ukrayna idmançısı Artyom Bloşenko olub. Qasımov bu rəqibini də ipponla mübarizədən kənarlaşdırıb və finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada çexiyalı Lukas Krpaleklə üz-üzə gələn təmsilçimiz gərgin keçən görüşün sonuna az qalmış məğlubiyyətə uğrayıb və Rio-2016 XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına yiyələnib.

Final görüşündən sonra idmançımız bunları söyləyib: "Bura gələndə üzərimizdə yorğunluq var idi. Ancaq iki həftə qaldıq. Bir az dincəlib, özümüzə gəldik. Yarışa tam hazır vəziyyətdə çıxmışdım. İlk görüşlərdən fiziki və texniki hazırlığımın qaydasında olduğu görünürdü. Sadəcə, yarımfinaldakı qarşılaşma çox çətin keçdi. Ukraynalı bütün gücüylə üzərimə atıldı. Onu məğlub etsəm də, çox güc sərf etməli oldum. Ayaq əzələlərim ağrımağa başladı. Bu da finaldakı çıxışıma təsir göstərdi. Həlledici qarşılaşmaya çox yorğun çıxmışdım. Krpalek fiziki cəhətdən daha yaxşı durumda idi. Onunla 4-5 dəfə qarşılaşmışıq. Əksər görüşlərdə mən qalib gəlmişəm. Bu məğlubiyyəti faciə saymıram. İdmandakı bütün nəticələrimə görə ilk növbədə atama borcluyam. Məni bu sahəyə o gətirib. Mənə çox dəstək olub”.

Qeyd edək ki, Elmar Qasımov 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa çempionatında qalib olub. 2014-cü ildə Fransada təşkil olunan Avropa çempionatında gümüş medal qazanan idmançımız həmin il Rusiyada "Böyük dəbilqə” yarışında qızıl medala sahib olub. Cüdoçumuz ötən il Samsunda və Tbilisidə keçirilən beynəlxalq Qran-pri turnirlərində, eləcə də Mərakeşdə və Meksikada usta idmançılar arasında təşkil olunan yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu il qatıldığı turnirlərin əksəriyyətində mükafatçılar sırasına düşməyi bacaran Elmar Qasımov Rio Olimpiadasına lisenziya qazanıb.

Xatırladaq ki, "Neftçi İdman Klubu”nun daha bir cüdoçusu Rüstəm Orucov (73 kq) da avqustun 8-də Rio de Janeyro Yay Olimpiya Oyunlarının gümüş medalına sahib olmuşdu.

“Neftçi İdman Klubu”nun daha bir cüdoçusu Rio Olimpiadasında gümüş medala sahib oldu“Neftçi İdman Klubu”nun daha bir cüdoçusu Rio Olimpiadasında gümüş medala sahib oldu“Neftçi İdman Klubu”nun daha bir cüdoçusu Rio Olimpiadasında gümüş medala sahib oldu“Neftçi İdman Klubu”nun daha bir cüdoçusu Rio Olimpiadasında gümüş medala sahib oldu
“Neftçi İdman Klubu”nun daha bir cüdoçusu Rio Olimpiadasında gümüş medala sahib oldu
“Neftçi İdman Klubu”nun daha bir cüdoçusu Rio Olimpiadasında gümüş medala sahib oldu