Xəbərlər


Yeniyetmə güləşçilərin Avropa birinciliyinə yekun vuruldu

İyulun 19-da İsveçin paytaxtı Stokholmda startı verilmiş yeniyetmə güləşçilərin Avropa birinciliyi sona çatıb. Yarışın sonuncu iki günündə yunan-Roma güləşçiləri meydana çıxıblar.

Klubumuzun yığmada təmsil olunan yunan-Roma güləşçilərindən 69 kq çəki dərəcəsində mübarizə aparan Ülvi Qənizadə yarımfinala qədər inamlı təsir bağışlayıb. Finlandiya, Xorvatiya və Belarusdan olan rəqiblərini tam üstünlüklə, onlara xal vermədən mübarizədən kənarlaşdıran güləşçimiz yarımfinalda məğlub olub. Bürünc medal uğrunda görüşdə Qənizadə Rusiya idmançısı üzərində tam üstünlüklə qələbə qazanıb və Avropa birinciliyini 3-cü pillədə başa vurub.

Xatırladaq ki, yarışın əvvəlki günlərində klubun sərbəst güləşçilərindən Rəşad Yusifli (76 kq) gümüş, Əsgər Məmmədəliyev (46 kq), İntiqam Vəlizadə (50 kq) və Sabutay Əmişov (54 kq) isə bürünc medal qazanmışdılar.