Xəbərlər


Avropa birinciliyindən daha 3 medal

İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa birinciliyi davam edir. Yarışın ikinci günündə 46, 54, 63, 76 və 100 kq çəkidə çıxış edən sərbəst güləşçilər meydana çıxıb.

Azərbaycan yığması günü 2 gümüş və 5 bürünc medalla başa vurub.

Klubumuzun millinin heyətində təmsil olunan idmançılarından Rəşad Yusifli (76 kq) maneəsiz olaraq finala qədər irəliləyib. Yalnız həlledici mərhələdə məğlub olan güləşçimiz qitə birinciliyinin gümüş medalına layiq görülüb. 46 kq çəki dərəcəsində mübarizə aparan Əsgər Məmmədəliyev və Sabutay Əmişov (54 kq) isə fəxri kürsünün 3-cü pilləsində qərar tutublar.

Xatırladaq ki, yarışın ilk günündə klubumuzun daha bir sərbəst güləşçisi İntiqam Vəlizadə (50 kq) də bürünc medala yiyələnmişdi.

Qeyd edək ki, yeniyetmə güləşçilər arasında Avropa birinciliyi iyulun 24-dək davam edəcək və "Neftçi İdman Klubu”nun yunan-Roma güləşçiləri Ədil Sadıqzadə (50 kq), Nurlan Dadaşov (54 kq) və Ülvi Qənizadə (69 kq) yarışın növbəti günlərində güclərini sınayacaqlar.