Xəbərlər


Cüdoçularımız “Böyük dəbilqə” turnirində 2 medal qazandılar

Rusiyanın Tümen şəhərində cüdo üzrə "Böyük dəbilqə” turnirinə yekun vurulub. 25 ölkədən 124 idmançının (73 kişi, 51 qadın) qatıldığı yarışda Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunub.

Yığma komandamız "Böyük dəbilqə”nin 2 medalına yiyələnib ki, onların da hər ikisi "Neftçi İdman Klubu”nun yetirmələrinə məxsusdur. Cüdoçularımızdan 60 kq çəki dərəcəsində çıxış edən İlqar Müşkiyev ilk görüşdə özbəkistanlı Doniyor Sultanbəy üzərində qələbə qazansa da, yarımfinalda Rusiya təmsilçisi Albert Oğuzova məğlub olub və bürünc medal uğrunda mübarizəyə qoşulub. Növbəti rəqibi də yerli idmançı Sayan Kertek olan Müşkiyev bu dəfə qarşılaşmanı qalibiyyətlə başa vurub və "Böyük dəbilqə” turnirinin bürünc medalına layiq görülüb.

Klubumuzun eyni çəkidə mübarizə aparan digər təmsilçisi Davud Məmmədsoy da eyni uğura imza atıb. O, ilk qarşılaşmasında rusiyalı Albert Oğuzova məğlub olub. Təsəlliverici görüşdə Özbəkistan cüdoçusu Doniyor Sultanbəy üzərində qələbə qazanan idmançımız bürünc medal uğrunda görüşdə meydan sahibi Dmitri Kulikovu məğlub edib və turniri 3-cü pillədə başa vurub.