Xəbərlər


Avropa birinciliyindən daha bir medal

Rumıniyanın paytaxtı Buxarestdə gənclər arasında güləş üzrə Avropa birinciliyi davam edir. Artıq yunan-Roma güləşi üzrə yarışlar başa çatıb.

Qitə birinciliyinin ikinci günündə "Neftçi İdman Klubu”nun daha bir yunan-Roma güləşçisi çempionluğa yüksəlib. 84 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov finala qədər maneəsiz irəliləyib. Bu yolda o, yunanıstanlı Efstratios Nikites, Almaniya idmançısı Arian Queney və xorvatiyalı İvan Hukleki məğlubiyyətə uğradıb. Həlledici final görüşündə isə güləşçimizin rəqibi Türkiyə təmsilçisi Ali Cengiz olub. Bu qarşılaşmanı da qalibiyyətlə başa vuran İslam Abbasov Avropa birinciliyinin qızıl medalına yiyələnib. Bununla da o, gənclərin Avropa birinciliyində üçüncü qızıl medalını qazanıb.

Xatırladaq ki, yarışın birinci günündə klubumuzun daha bir yetirməsi Mikayıl Rəhmanov (60 kq) da qitə birinciliyinin qızıl medalına sahib olmuşdu.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında Gürcüstan və Rusiyadan sonra 3-cü olub.