Xəbərlər


Yeniyetmə cüdoçularımız “Həzi Aslanov” turnirində 7 medal qazandılar

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə 38-ci ənənəvi beynəlxalq Bakı turnirinə yekun vurulub. Bakı İdman Sarayında yeniyetmələr arasında təşkil olunan yarışda Gürcüstan, Sloveniya, Xorvatiya, İsrail, Rusiya, Macarıstan, Türkmənistan, İran, Qırğızıstan və Azərbaycandan olan 400-ə yaxın cüdoçu bacarığını nümayiş etdirib.

Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 1999-2001-ci illər təvəllüdlü yeniyetmələr 17 çəki dərəcəsi üzrə mübarizə aparıblar.

"Neftçi İdman Klubu” turnirdə 45 cüdoçu ilə təmsil olunub. İdmançılarımızdan 7-si mükafatçılar arasına düşməyə müvəffəq olub. Oğlanlar arasında 66 kq çəkidə çıxış edən Qnyaz Mahmudlu bürünc medala layiq görülüb. Qızların yarışında Aytac Quluzadə (44 kq) və Kəmalə Muqumova (70 kq) gümüş, Ülviyyə Bayramova (48 kq), Əsmər İskəndərova (52 kq), Fidan Hüseynova (63 kq) və Nigar Cəfərova (+70 kq) isə bürünc medala yiyələniblər.