Xəbərlər


Cüdoçularımız “World Masters” turnirində 4 medal qazandılar

Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli "World Masters” turnirinə yekun vurulub. 51 ölkədən 235 idmançının (117 kişi, 118 qadın) mübarizə apardığı yarışda Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunub.

Yığmamız mötəbər turnirdə uğurla çıxış edərək 2 qızıl, 2 bürünc medalla komanda hesabında 51 ölkə arasında 2-ci yerə çıxıb. Ümumi sıralamada yalnız Yaponiyadan (5 qızıl, 2 bürünc) geri qalan komandamız kişilərin yarışında 1-ci yeri tutub.

Qürurverici haldır ki, Azərbaycan millisinin əldə etdiyi bütün medalları ölkəmizə "Neftçi İdman Klubu”nun yetirmələri qazandırıblar. Cüdoçularımızdan 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov yarışa dörddəbir final mərhələsindən qoşulub. Əvvəlcə türkiyəli Bəkir Özlü, sonra isə Fransa cüdoçusu Valide Hyar üzərində qələbə qazanan idmançımız finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada daha bir fransalı – Vinsent Limare ilə üz-üzə gələn Səfərov rəqibini məğlubiyyətə uğradıb və qızıl medala yiyələnib. Digər cüdoçumuz Elmar Qasımov (100 kq) da eyni uğura imza atıb. Bu yolda o, braziliyalı Lusiano Korrea, əlcəzairli Layes Buyakub və İsveç idmançısı Martin Paçeki məğlub edərək finala yüksəlib. Həlledici görüşdə cüdoçumuz fransalı Kirill Maret üzərində parlaq qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

66 kq çəkidə çıxış edən Nicat Şıxəlizadə ilk görüşdə italiyalı Fabio Basileni məğlub etsə də, dörddəbir finalda Monqolustan cüdoçusu Tumurxuleq Davadorjla bacarmayıb və təsəlliverici görüşlərə qatılıb. Təmsilçimiz bu mərhələdəki ilk qarşılaşmasında yaponiyalı Tomofumu Takayodan üstün olub. Bürünc medal uğrunda görüşdə isə o, portuqaliyalı Sergiu Oleinikə qalib gələrək 3-cü yeri tutub. Daha bir bürünc medal isə Rüstəm Orucovdan (73 kq) gəlib. Cüdoçumuz əvvəlcə Birləşmiş Ərəb Əmirliklərindən olan Viktor Skvortovu, daha sonra isə belçikalı Dirk Van Tileti məğlubiyyətə uğradıb. Lakin yarımfinalda yaponiyalı Soiçi Haşimotoyla bacarmayan Orucov bürünc medal uğrunda mübarizədə Koreya təmsilçisi Cangrim An ilə qarşılaşmalı idi. Ancaq onun rəqibi tatami üzərinə çıxmayıb və idmançımız bürünc medala sahib olub.