Xəbərlər


Güləş Federasiyasının Kuboku uğrunda keçirilən turnir davam edir

"Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Qazaxıstan, Ukrayna, Rusiya, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Bolqarıstan, Belarus, İran və İraq pəhləvanları da qüvvələrini sınayırlar. Artıq yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.

"Neftçi İdman Klubu”nun yunan-Roma güləşçiləri mötəbər turnirin 3 qızıl, 2 gümüş və 4 bürünc medalına sahib olublar. Yeniyetmələr arasında Ülvi Qənizadə (69 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ramil İsrailov (50 kq) gümüş, Murad Abbasov və Ədil Sadıqzadə (hər ikisi 54 kq) isə yarışın bürünc medalına layiq görülüblər.

Klubun gənc pəhləvanlarından Mikayıl Rəhmanov (60 kq) və İslam Abbasov (84 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq qızıl medala yiyələniblər. Yalnız finalda məğlub olan Elton Vəzirzadə (85 kq) gümüş medal əldə edib. Ziyad Zeynalovla (50 kq) Bəxtiyar Muradov (55 kq) isə turniri 3-cü yerdə başa vurublar.