Xəbərlər


Cüdoçumuz Avropa ikincisi oldu

Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatı davam edir. Rio Olimpiadasına lisenziya xarakterli yarışda 46 ölkədən 394 idmançı (229 kişi, 165 qadın) mübarizəyə qoşulub.

Azərbaycan milli komandası çempionatın ilk günündə bir medala sahib olub.

Bu medalı ölkəmizə "Neftçi İdman Klubu”nun cüdoçusu Orxan Səfərov qazandırıb. 60 kq çəkidə çıxış edən idmançımız mübarizəyə səkkizdəbir finaldan başlayıb. İlk görüşdə Lüksemburq cüdoçusu Tom Şmitə qalib gələn idmançımız daha sonra əslən azərbaycanlı olan Belarus təmsilçisi Arif Bağırovu məğlub edib. Növbəti qarşılaşmasında hollandiyalı Jeron Muren, yarımfinalda isə İtaliya idmançısı Elios Mansin üzərində inamlı qələbə qazanan Səfərov finala yüksəlib. Ancaq həlledici görüşdə o, fransalı Valid Xyara məğlub olub və Avropa çempionatının gümüş medalına layiq görülüb.

Klubun eyni çəkidə mübarizə aparan digər cüdoçusu İlqar Müşkiyev isə 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, qitə çempionatına aprelin 24-də yekun vurulacaq.