Xəbərlər


Sabina Mikina Rio de Janeyro Olimpiadasına lisenziya qazandı

"Neftçi İdman Klubu”nun qılıncoynadanı Sabina Mikina bu il Braziliyada keçiriləcək Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. İdmançımız bu nailiyyətə Çexiyanın paytaxtı Praqada təşkil olunan Avropa Təsnifat turnirində imza atıb. O, Böyük Britaniya təmsilçisi Katerin Kemp (15:9), almaniyalı Anna Limbax (15:8) və bolqarıstanlı Palina Kaspyaroviç (15:11) üzərində parlaq qələbə qazanaraq yarışın qalibi olub. Bununla da, Mikina turnirin qalibi üçün nəzərdə tutulan lisenziyaya sahib çıxıb. Bu, ölkəmizin qılıncoynatmada ilk lisenziyası olub.

Xatırladaq ki, Sabina Mikina adrıcıl ikinci dəfə olimpiadada iştirak hüququ qazanır. Klubun yetirməsi 2012-ci il London Yay Olimpiya Oyunlarında ikinci qarşılaşmasında ukraynalı Olimpiya, dünya və Avropa çempionu, eləcə də ötən il Bakı-2015 ilk Avropa Oyunlarının qalibi olmuş Olqa Xarlana məğlub olaraq mübarizəni dayandırıb.