Xəbərlər


Cüdoçularımız Türkiyə Qran-prisində iki medal qazandılar

Türkiyənin Samsun şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışı sona çatıb. Yarışda 24 ölkədən 398 idmançı (237 kişi, 161 qadın) qalib adı uğrunda mübarizəyə qoşulub.

Azərbaycan milli komandası turnirdə 11 cüdoçu ilə təmsil olunub və 2 medala sahib olub.

Millimizin qazandığı medalların hər ikisi "Neftçi İdman Klubu”nun yetirmələrinə məxsusdur. 90 kq çəkidə çıxış edən Məmmədəli Mehdiyev gürcüstanlı Uşanqi Marqiani, Hindistan idmançısı Avtar Sinq və polşalı Patrik Çexomski üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə braziliyalı Tyaqo Kamilonu da üstələyən Mehdiyev finala vəsiqəni təmin edib. Həlledici qarşılaşmada Rusiya təmsilçisi Husen Halmurzayevə məğlub olan cüdoçumuz Samsun Qran-prisinin gümüş medalına layiq görülüb.

Klubun digər təmsilçisi, 60 kq çəki dərəcəsində mübarizə aparan İlqar Müşkiyev yarımfinala gedən yolda belçikalı Senne Vinsi, çinli Jianqi Anı və Belarus idmançısı Arif Bağırovu məğlubiyyətə uğradıb. Lakin yarımfinalda Müşkiyev yerli cüdoçu Bəkir Özlüylə bacara bilməyib. Üçüncü yer uğrunda görüşdə isə o, bolqarıstanlı Yanislav Qerçevə qalib gələrək bürünc medal qazanıb.