Xəbərlər


Şahin Qəhrəmanov Argentinada medala sahib oldu

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən cüdo üzrə Panamerika açıq çempionatına yekun vurulub. 60 ölkədən 288 cüdoçunun (172 kişi, 116 qadın) qatıldığı yarışda millimiz 7 idmançı ilə təmsil olunub və çempionatı 2 medalla (1 qızıl, 1 bürünc) başa vurub.

Bürünc medalı ölkəmizə "Neftçi İdman Klubu”nun cüdoçusu Şahin Qəhrəmanov (90 kq) qazandırıb. İdmançımız avstraliyalı Dieqo Baretto və yerli Mariano Bertolottini məğlub edərək dörddəbir finala yüksəlib. Bu mərhələdə o, rusiyalı Kiril Denisova məğlub olub və təsəlliverici görüşlərə qatılıb. Əvvəlcə Meksika idmançısı İsao Kardenas üzərində qələbə qazanan Şahin bürünc medal uğrunda görüşdə komanda yoldaşı Tural Səfquliyevlə üz-üzə gəlib. Bu qarşılaşmadan da qalib ayrılan cüdoçumuz Panamerika açıq çempionatının bürünc medalına sahib olub.

Klubun digər cüdoçuları Əbdülhəq Rəsullu (81 kq) və Tural Səfquliyev (90 kq) isə 5-ci sırada qərarlaşıblar.