Xəbərlər


Cüdoçularımızın Afrika uğuru

Mərakeşin Kasablanka şəhərində cüdo üzrə açıq Afrika çempionatı keçirilib. Martın 12-də start götürən və iki gün davam edən yarışda 59 ölkədən 310 cüdoçu (202 kişi, 108 qadın) qalib adı uğrunda mübarizə aparıb.

Azərbaycan millisi çempionatda 17 idmançı ilə təmsil olunub və 3 medal (1 qızıl, 1 gümüş, 1 bürünc) əldə edib.

Medallardan ikisini yığmamıza "Neftçi İdman Klubu”nun yetirmələri qazandırıblar. 90 kq çəkidə çıxış edən Məmmədəli Mehdiyev əvvəlcə İtaliya cüdoçusu Covanni Karollonu, sonra isə polşalı Patrik Çexomskini məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə Slovakiya təmsilçisi Milan Randl üzərində qələbə qazanan Mehdiyev finala vəsiqəni təmin edib. Lakin həlledici mərhələdə əlcəzairli Abderrəhman Benamadiyə məğlub olan idmançımız gümüş medala layiq görülüb.

Eyni çəki dərəcəsində mübarizə aparan klubun digər cüdoçusu Ramin Qurbanov yarımfinala gedən yolda polşalı Piotr Kuçzeranı və ispaniyalı Pedro Qonzalesi məğlub edib. Təmsilçimiz yarımfinalda Əlcəzair cüdoçusu Abderrəhman Benamadiylə bacarmasa da, bürünc medal uğrunda görüşdə Polşa idmançısı Patrik Çexomskiyə qalib gəlib və açıq Afrika çempionatını 3-cü yerdə başa vurub.