Xəbərlər


Məmmədəli Mehdiyev Avropa kubokunun qalibi oldu

Fevralın 27-də Çexiyanın paytaxtı Praqada start götürmüş cüdo üzrə Avropa kuboku sona çatıb. 59 ölkədən 315 idmançının qatıldığı yarışda Azərbaycan milli komandası 11 cüdoçu ilə təmsil olunub.

Yarışın sonuncu günü idmançılarımız üçün uğurlu alınıb. Belə ki, cüdoçularımız milli komandamızın aktivinə 2 medal yazdırmağa müvəffəq olublar. Onlardan Məmmədəli Mehdiyev (90 kq) qızıl, Uşanqi Kokauri (+100 kq) isə bürünc medala yiyələnib.

"Neftçi İdman Klubu”nun yetirməsi olan Məmmədəli Mehdiyev Hollandiya təmsilçisi Riko Harder, finlandiyalı Samuli Vitanen və Litva idmançısı Karolis Bauzanı məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə polşalı Patrik Çexomski üzərində təmiz qələbə qazanan cüdoçumuz finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada Məmmədəli Mehdiyev İspaniya idmançısı David Ruisi məğlubiyyətə uğradaraq Avropa kubokunun qalibi adını qazanıb.