Xəbərlər


“Neftçi İdman Klubu” voleybol turniri keçirdi

"Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesinin işçiləri arasında 2016-cı ilin ilk turnirini təşkil etdi. Voleybol üzrə keçirilən turnir klubun nəzdində fəaliyyət göstərən İdman Zalı Kompleksində baş tutdu. Beş gün davam edən yarışda 9 komanda iki qrupda mübarizə aparırdı. "A” qrupunda İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, "Abşeronneft” NQÇİ, Nəqliyyat İdarəsi, "Neftqaztikinti” Tresti, H.Z.Tağıyev adına NQÇİ, "B” qrupunda isə "Neft Daşları” NQÇİ, "Qaz İxrac” İdarəsi, "Siyəzənneft” NQÇİ və "28 May" NQÇİ-nin komandaları yer almışdılar.

Turnirin keçirilməsində əsas məqsəd neft, qaz və kimya sənayesi işçilərinin sağlamlıqlarının qorunması, onların fiziki hazırlıq və kütləvi idman vərdişlərinin davam etdirilməsi, neftçilər arasında bədən tərbiyəsinin kütləviliyinin inkişafı və sahə həmkarlar ittifaqlarının respublika spartakiadasına yığma komandanın komplektləşdirilməsi idi.

Qaydaya görə, qruplarda ilk iki yeri tutmuş komandalar yarımfinala vəsiqə qazanmış hesab olunurdular. Bunu "A” qrupundan İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ilə Nəqliyyat İdarəsi, "B” qrupundan isə "Neft Daşları” NQÇİ və "Qaz İxrac” İdarəsinin komandaları bacardılar. Yarımfinal mərhələsində keçirilən hər iki qarşılaşmada eyni hesab qeydə alındı. Belə ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi "Qaz İxrac” İdarəsini, "Neft Daşları” isə "Nəqliyyat” komandasını 2:0 hesabı ilə məğlub etdi. Üçüncü yer uğrunda keçirilən görüşdə Nəqliyyat İdarəsinin komandası daha yaxşı təsir bağışladı və nəticədə rəqibi "Qaz İxrac” üzərində 2:1 hesablı qələbə qazandı. Həlledici final qarşılaşmasında turnirin iki ən güclü kollektivi – İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ilə "Neft Daşları” NQÇİ-nin komandaları üz-üzə gəldilər. Gərgin mübarizə şəraitində keçən oyunda birincilər daha üstün idilər və nəinki bu qarşılaşmanın, hətta turnirin favoriti hesab olunurdular. Elə belə də oldu. Rəqibini nümayiş etdirdiyi gözəl oyunla təzyiq altında saxlamağı bacaran İnformasiya Texnologiyaları və Rabitə İdarəsi sonda 2:0 hesabı ilə qalib gəldi.

Beləliklə, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi voleybol turnirinin qalibi adını qazandı. "Neft Daşları” NQÇİ 2-ci, Nəqliyyat İdarəsinin komandası isə 3-cü yeri tutdu.

Turnirdə 1-ci, 2-ci və 3-cü yeri tutmuş komandalara "Neftçi İdman Klubu” tərəfindən diplom və qiymətli xatirə hədiyyələri təqdim olundu.

“Neftçi İdman Klubu” voleybol turniri keçirdi“Neftçi İdman Klubu” voleybol turniri keçirdi“Neftçi İdman Klubu” voleybol turniri keçirdi“Neftçi İdman Klubu” voleybol turniri keçirdi
“Neftçi İdman Klubu” voleybol turniri keçirdi
“Neftçi İdman Klubu” voleybol turniri keçirdi
“Neftçi İdman Klubu” voleybol turniri keçirdi
“Neftçi İdman Klubu” voleybol turniri keçirdi
“Neftçi İdman Klubu” voleybol turniri keçirdi