Xəbərlər


Cüdoçumuz Düsseldorfda medal qazandı

Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə Qran-pri beynəlxalq turnirinə yekun vurulub. Üç gün davam edən yarışda 91 ölkədən 626 cüdoçu qalib adı uğrunda mübarizə aparıb.

Azərbaycan milli komandasının da qatıldığı bu mötəbər turnirdən cüdoçularımız bir gümüş medalla ayrılıblar.

Böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, yeganə gümüş medalı ölkəmizə "Neftçi İdman Klubu”nun yetirməsi Rüstəm Orucov qazandırıb. 73 kq çəki dərəcəsində çıxış edən idmançımız ardıcıl olaraq Belarus təmsilçisi Aleksey Ramançuk, qazaxıstanlı Didar Həmzə və monqolustanlı Xadbatar Naranxu üzərində qələbə qazanıb və yarımfinala yüksəlib. Bu mərhələdə Orucov Gürcüstan cüdoçusu, London Olimpiadasının qalibi Laşa Şavdatuaşvilini məğlubiyyətə uğradaraq finala vəsiqə qazanıb. Lakin həlledici qarşılaşmada yaponiyalı dünya çempionu Şoşei Onoya məğlub olan idmançımız Düsseldorf Qran-prisinin gümüş medalını qazanıb.

Klubumuzun digər təmsilçiləri Orxan Səfərov (60 kq) və Elmar Qasımov (100 kq) isə yarışı 7-ci sırada başa vurublar.