Xəbərlər


Gənc cüdoçuların respublika birinciliyi sona çatıb

Bakı İdman Sarayında gənc cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. İki gün davam edən yarışda paytaxt və bölgələrdən 45 komandanın tərkibində 312 cüdoçu qüvvəsini sınayıb. Ölkə birinciliyinin sonuncu günündə idmançılar daha 5 çəki dərəcəsi (60, 73, 90, 100 və +100 kq) üzrə mübarizə aparıblar.

"Neftçi İdman Klubu”nun gənc cüdoçuları həmin gün yarışın 2 qızıl, 1 gümüş və 1 bürünc medalına yiyələniblər. Onlardan Samir Ağayev (73 kq) və Azər Yaqubov (90 kq) rəqib tanımayaraq ölkə çempionluğuna yüksəliblər. Xalif Mehtiyev (+100 kq) gümüş, Aslan Mirzəyev (90 kq) isə bürünc medala layiq görülüb.

Xatırladaq ki, yarışın ilk günündə klubumuzun cüdoçuları daha 5 qızıl, 6 gümüş və 5 bürünc medal qazanmışdılar.

Qeyd edək ki, "Neftçi İdman Klubu”nun cüdoçuları ümumkomanda hesabında 1-ci yeri tutublar. "Qəbələ” İdman Klubu 2-ci, 13 saylı İOEUGİM isə 3-cü yerə çıxıb.