Xəbərlər


Güləşçilərimiz Türkiyədən 2 medalla dönür

Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunmuş sayca 44-cü beynəlxalq turnirə yekun vurulub. Yarışda böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamızın üzvləri iştirak ediblər. Sərbəst güləşçilərimiz turniri ümumilikdə 1 qızıl, 1 gümüş və 6 bürünc medalla başa vurublar. Yığmamız komanda hesabında Türkiyə və Monqolustandan sonra 3-cü yeri tutub.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış təmsilçiləri turnirin 2 medalına yiyələniblər. İdmançılarımızdan Mahir Əmiraslanov (57 kq) və Ağahüseyn Mustafayev (65 kq) yarışda bürünc medallara layiq görülüblər. Digər təmsilçimiz Hacı Əliyev (65 kq) isə dörddəbir final qarşılaşmasında Puerto Riko idmançısı Matos Qomezlə görüşdə rəqibin qaydalara zidd fəndə yol verməsi nəticəsində zədələnsə də, görüşü qələbə ilə başa vura bilib. Yarımfinal görüşünü isə güləşçimiz zədə səbəbindən davam etdirə bilməyib.