Xəbərlər


Elman Muxtarov erməni rəqibini diz çökdürdü

Ölkəmizi I Avropa Oyunlarında "Neftçi İdman Klubu" İctimai Birliyinin daha bir yetirməsi, dünya və ikiqat Avropa çempionu Elman Muxtarov təmsil edib. Təsnifat mərhələsindən azad olan Muxtarov 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə qarşılaşıb. Qarşılaşma idmançımız üçün elə də çətin alınmayıb. Hər 2 hissədə rəqibindən üstün olan güləşçimiz 5:3 hesabı ilə qələbə qazanaraq, 1/4 finala yüksəlib. Elman yarımfinala gedən yolda norveçli Stiq-Andre Berqlə üz-üzə gəlib. Gərgin keçən döyüşdə Muxtarov qələbəni bayram edib - 7:6. Amma o, finala gedən yolda büdrəyib. Muxtarov yarımfinal səddini keçmək üçün Rusiyanı təmsil edən erməni əsilli Stepan Maryanyanla üz-üzə gəlib və 3:11 hesabı ilə uduzub. Buna baxmayaraq, Elman bürünc medal uğrunda mübarizəni davam etdirib.
 
3-cü yer uğrunda döyüşdə onun rəqibi ermənistanlı Roman Amoyandı. 20 yaşlı Muxtarov işğalçı ölkə təmsilçisi qarşısında inamlı qələbə qazanıb. O, özündən 12 yaş böyük olan titullu rəqibini xalçaya çıxmağa peşman edib (9:1). Bununla da Elman yığmamıza 4-cü medalı qazandırıb.