Xəbərlər


Cüdoçularımız Kubadan 3 medalla dönür

Yanvarın 22-də Kubanın paytaxtı Havanada start götürmüş cüdo üzrə Qran-pri yarışlarına yekun vurulub.

Azərbaycan milli komandası baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında turnirdə aşağıdakı cüdoçularla təmsil olunub: İlqar Müşkiyev, Orxan Səfərov, Tərlan Kərimov, Rüstəm Orucov, Əbdülhəq Rəsullu, Rüstəm Alimli, Ramin Qurbanov, Şahin Qəhrəmanov, Elmar Qasımov, Elxan Məmmədov və Uşangi Kokauri. İdmançılarımız yarışda böyük əzm və peşəkarlıq nümayiş etdirərək 1 qızıl və 2 bürünc medala yiyələniblər.

Dünya reytinqində lider olan cüdoçumuz Rüstəm Orucov (73 kq) yarışa ikinci mərhələdən qoşulub. İdmançımız finala gedən yolda öncə Çernoqoriya təmsilçisi Nikola Qusiçə, sonra isə italiyalı Enriko Parlatiyə qalib gəlib. Ardınca Qana idmançısı Emmanuel Nartey üzərində qələbə qazanan Orucov yarımfinalda Monqolustan cüdoçusu Odbayar Qanbatarı da məğlub edərək adını finala yazdırıb. Həlledici qarşılaşmada Viktor Svortova vazari fəndi ilə qalib gələn idmançımız Havana Qran-prisinin qızıl medalına sahib olub.

60 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov da mübarizəyə ikinci mərhələdən qoşulub. O, əvvəlcə avstriyalı Lüdviq Peyşeri, ardınca Monqolustan təmsilçisi Tsoqbaatar Tsendoçiri, dörddəbir finalda isə Böyük Britaniya idmançısı Eşli Makkenzeni məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə braziliyalı Erik Takabateylə bacarmayan Səfərov bürünc medal uğrunda mübarizədə Özbəkistan təmsilçisi Şarafuddin Lütfillayevlə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada cüdoçumuz rəqibini məğlubiyyətə uğradıb və bürünc medala layiq görülüb.

Ölkəmizə növbəti medalı Elxan Məmmədov (100 kq) qazandırıb. Qran-pri yarışının sonuncu günündə tatami üzərinə çıxan təmsilçimiz ilk görüşündə yerli idmançı Yordani Fernandes Sastreyə qalib gəlib. Sonra o, xorvatiyalı Zlatko Kumriçi mübarizədən kənarlaşdırıb. Dörddəbir finalda almaniyalı Karl-Riçard Freyə məğlub olan cüdoçumuz təsəlliverici görüşlərə qatılıb. Elxan bu mərhələnin ilk qarşılaşmasında yenidən Almaniya idmançısı ilə üz-üzə gəlib. Bu dəfə Məmmədov sözügedən ölkəni təmsil edən Dimitri Petersə qalib gəlib. Növbəti görüşdə isə cüdoçumuz BƏƏ təmsilçisi İvan Remarenkonu ippon fəndi ilə məğlub edib və Kuba Qran-prisinin bürünc medalını qazanıb.

Beləliklə, cüdo üzrə Azərbaycan milli komandası Havana Qran-prisini 3 medalla başa vurub. Onlardan Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərov (60 kq) və Elxan Məmmədov (100 kq) isə bürünc medallara sahib olublar.

Qeyd edək ki, mükafatçılar sırasında yer almış hər üç cüdoçu "Neftçi İdman Klubu”nun yetirmələridir. 

Cüdoçularımız Kubadan 3 medalla dönürCüdoçularımız Kubadan 3 medalla dönürCüdoçularımız Kubadan 3 medalla dönürCüdoçularımız Kubadan 3 medalla dönür
Cüdoçularımız Kubadan 3 medalla dönür
Cüdoçularımız Kubadan 3 medalla dönür