Xəbərlər


Cüdo üzrə respublika çempionatına yekun vurulub

Bakı İdman Sarayında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda paytaxt və bölgələrimizdən 50-yə qədər komandanın tərkibində 400-ə yaxın idmançı qüvvəsini sınayıb.

"Neftçi İdman Klubu”nun yetirmələri çempionatın sonuncu günündə daha 10 medala (3 qızıl, 3 gümüş, 4 bürünc) sahib olublar. Həmin gün kişilər arasında 73, 81, 90, 100 və +100 kq çəki dərəcələrində yarışlar təşkil olunub. Cüdoçularımızdan Hidayət Heydərov (73 kq), Rüstəm Alimli (90 kq) və Elxan Məmmədov (100 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq ölkə çempionluğunun sevincini yaşayıblar. Yalnız final görüşündə məğlub olan İsmayıl Piriyev (73 kq), Tural Səfquliyev (90 kq) və Əbdülhəq Rəsullu (81 kq) gümüş medala layiq görülüblər. Klubun digər təmsilçiləri Samir Ağayev, Fəqan Quluzadə (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Rafael Şahverdiyev (+100 kq) isə çempionatı 3-cü yerdə başa vurublar.

Xatırladaq ki, yarışın ilk günündə cüdoçularımız 5-i qızıl, 4-ü gümüş və 8-i bürünc olmaqla, daha 17 medala yiyələnmişdilər.

Beləliklə, "Neftçi İdman Klubu”nun yetirmələri böyük əzm və peşəkarlıq nümayiş etdirərək, ümumilikdə çempionatın 27 medalını qazanıblar və ümumkomanda hesabında 1-ci yeri tutublar.

Qeyd edək ki, fəxri kürsüdə yer almış cüdoçulara medallarla yanaşı, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və pul mükafatları da təqdim olunub.