Xəbərlər


Cüdo üzrə Azərbaycan çempionatı davam edir

Kişilər və qadınlar arasında cüdo üzrə respublika çempionatı davam edir. Bakı İdman Sarayında keçirilən yarışda 50-yə qədər komandanın heyətində 400-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparır.

Çempionatın ilk günündə qadınlar arasında bütün, kişilər arasında isə iki çəki dərəcəsində yarışlar keçirilib.

"Neftçi İdman Klubu”nun cüdoçuları ölkə çempionatında böyük uğura imza atmaqdadırlar. Belə ki, xanım idmançılarımızdan 48 kq çəkidə çıxış edən Leyla Əliyeva, Səkinə Zairova (52 kq), Xanım Hüseynova (63 kq) və Validə Mirzəzadə (70 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionu olublar. Bəsti Səfərova (57 kq), Gülsədəf Kərimova (63 kq) və Nərgiz İbrahimova (70 kq) gümüş, Şəfəq Məmmədova (48 kq), Sevda Vəliyeva (52 kq), Gülşən Nazarova, İlahə Əhlimanova (hər ikisi 57 kq) və Afaq Sultanova (63 kq) isə 3-cü yeri tutublar.

Kişilər arasında təşkil olunan yarışda klubun cüdoçuları 66 kq çəki dərəcəsində fəxri kürsünün bütün pillələrini zəbt ediblər. Onlardan Telman Vəliyev qızıl, Rəşad Rufullayev gümüş, Emil Həsənov və İlkin Babazadə isə bürünc medallara layiq görülüblər. 60 kq çəkidə isə Murad Heydərli 3-cü olub.

Qeyd edək ki, ölkə çempionatına bu gün yekun vurulacaq.