Xəbərlər


“Qaradağ Lökbatan” səfərdə 3 xal qazanaraq liderliyə yüksəldi

Futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda XII turun oyunlarına yekun vurulub.

"Qaradağ Lökbatan” komandası bu tur çərçivəsində Zaqatalada eyniadlı klubun qonağı olub. İlk hissənin 12-ci dəqiqəsində yerli komanda Oruc Balaşlının penaltidən vurduğu qolla önə keçsə də, bu, futbolçularımızı ruhdan salmayıb. Bir qədər sonra öz oyununu tapan komandamız 43-cü dəqiqədə bərabərlik qolunu vurub. Komandalar elə bu hesabla da fasiləyə yollanıblar. İkinci hissədə həm ev sahibləri, həm də qonaqlar qələbə qolunu vurmaq üçün sözün həqiqi mənasında canfəşanlıq göstəriblər. Ancaq buna baxmayaraq, hər iki komandanın etdiyi hücumlar nəticəsiz qalırdı. Nəhayət, matçın 89-cu dəqiqəsində "Qaradağ Lökbatan” Əliqulu Mənəfovun ifasındakı gözəl qolla önə keçib – 2:1. Oyun elə bu hesabla da başa çatıb.

Bununla da komandamız xallarının sayını 31-ə çatdırıb və turnir cədvəlinin liderliyinə yüksəlib.

"Qaradağ Lökbatan”ın baş məşqçisi Əfqan Talıbov oyundan sonra bunları söyləyib: "Zaqatala çox çətin rəqibdi. Buna baxmayaraq, uşaqlar oynadılar və nəticədə qələbə qazanmağı bacardıq. Birinci hissədə qol vurmasaydıq bizim üçün çox çətin olacaqdı. Rəqibin çox güclü və gənc futbolçuları, cinah oyunçuları var. Ancaq sonda 3 xalı qazanan tərəf biz olduq”.

Təcrübəli çalışdırıcı ikinci dövrəyə hazırlıqla bağlı fikirlər də səsləndirib: "Birinci dövrədən sonra daha yaxşı təlim-məşq toplanışı keçirmək istəyirik. Çünki ikinci dövrə çox çətin olacaq. Komandaların oyununda getdikcə artım müşahidə olunur. Ona görə də çalışacağıq ki, qış fasiləsindən səmərəli istifadə edək və komandamızın ümumi səviyyəsini xeyli yüksəldək”.