Xəbərlər


Paralimpiyaçı cüdoçularımız Avropa çempionatında 8 medal qazandılar

Portuqaliyanın Odivellas şəhərində paralimpiyaçı cüdoçular arasında Rio de Janeyro-2016 Yay Paralimpiya Oyunlarına son reytinq xalı qazandıran Avropa çempionatı keçirilib.

Azərbaycan təmsilçiləri çempionatda möhtəşəm qələbə qazanıblar. Paracüdoçularımız 3-ü qızıl, 3-ü gümüş və 2-si bürünc olmaqla qitə yarışının 8 medalına yiyələniblər. Onlardan Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq) və İlham Zəkiyev (+100 kq) məğlubiyyət tanımayaraq Avropa çempionu olublar. Səbinə Abdullayeva (57 kq), Ramin İbrahimov (60 kq) və Rövşən Səfərov (81 kq) gümüş, Afaq Sultanova (63 kq) ilə Kənan Abdulxanlı (100 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, İlham Zəkiyev karyerasında altıncı dəfə Avropa çempionu adını qazanıb.

Azərbaycan millisi ümumkomanda hesabında 20 ölkə arasında Rusiya və Ukraynadan sonra 3-cü olub.

Beləliklə, cüdoçularımız "Rio-2016” Paralimpiya Oyunlarına 7 lisenziya əldə ediblər. Xatırladaq ki, Bayram Mustafayev bundan əvvəl lisenziyaya sahib olmuşdu.

Sonuncu gün təşkil olunan komanda yarışında yığmamız finalda Rusiyaya qalib gələrək Avropanın ən güclü komandası adına layiq görülüb.

Fərəhli haldır ki, qitə çempionatında mükafatçılar sırasında yer almış bütün paralimpiyaçı cüdoçular "Neftçi İdman Klubu”nun yetirmələridir.