Xəbərlər


Cüdoçularımız Avropa birinciliyində 1 gümüş, 2 bürünc medal qazandılar

Slovakiyanın Bratislava şəhərində start götürmüş cüdo üzrə 23 yaşadək gənclər arasında Avropa birinciliyi keçirilib.

"Neftçi İdman Klubu”nun cüdoçuları qitə yarışının 1 gümüş, 2 bürünc medalını qazanıblar. 60 kq çəki dərəcəsində mübarizə aparan Davud Məmmədov finala qədər maneəsiz irəliləyib. Bu yolda o, kiprli İrodotos Kelpisi, Rusiya təmsilçisi Savva Karakizidini və italiyalı Karmin di Lorentonu yarışdan kənarlaşdırmalı olub. Final qarşılaşmasında rusiyalı İslam Yaşuyevə məğlub olan cüdoçumuz gümüş medala yiyələnib.

Təmsilçimiz Telman Vəliyev (66 kq) bürünc medal uğrunda mübarizədə digər azərbaycanlı Rəşad Rufullayevlə üz-üzə gəlməli olub. Bu dueldən klubumuzun cüdoçusu Telman Vəliyev qalib ayrılıb. Qeyd edək ki, idmançımız ilk görüşdə Litva təmsilçisi, erməni əsilli cüdoçu Teqran Qalustyan üzərində inamlı qələbə qazanıb.

Klubun digər gənc cüdoçusu Hidayət Heydərov (73 kq) isə ardıcıl olaraq, moldovalı George Blanurunu, Rusiya nümayəndəsi Arbi Xamxoyevi və ukraynalı Artyom Xomulanı məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə İtaliya idmançısı Antoniyo Espozito ilə bacarmayan Heydərov təsəlliverici görüşə qatılıb. Üçüncü yer uğrunda mübarizədə monteneqrolu Nikola Qusiçə qalib gələn cüdoçumuz Avropa birinciliyinin bürünc medalını qazanıb.