Xəbərlər


Ceyhun Allahverdiyev Avropa çempionu oldu, Yusif Dursunov gümüş medal qazandı

İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən güləş üzrə U-20 Avropa  birinciliyinə yekun vurulub.
Yarışın sonuncu günündə "Neftçi" İdman Klubunun daha iki sərbəst güləşçisi mükafatçılar arasında yer alıb.  Pəhləvanlarımızdan Ceyhun Allahverdiyev (61 kq) macarıstanlı Joltan Mişeyə (11:1), bolqarıstanlı Denis Naimə (10:0) və ispaniyalı Mark Alvaresə (11:0) tam üstünlüklə qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə ermənistanlı Levik Mikayelyanla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada 2:0 hesablı qələbə qazanan idmançımız  Avropa çempionu olub.
Mübarizəyə dörddəbir finaldan qoşulan Yusif Dursunov (125 kq) da finala qədər irəliləyib. Bu yolda o, finlandiyalı Matias Katayanı (10:0) vaxtından əvvəl yolundan kənarlaşdırıb. Təmsilçimiz  yarımfinalda  ukraynalı Vladimir Koçanovdan güclü olub – 4:0. Yusif Dursunov finalda türkiyəli Hakan Böyükçınqılla üz-üzə gəlib. Rəqibinə 1:8 hesabı ilə məğlub olan güləşçimiz qitə birinciliyinin gümüş medalına sahib olub.
Xatırladaq ki, daha əvvəl klubumuzun qadın güləşçilərindən  Əsmər Cankurtaran (50 kq) və Ruzanna Məmmədova (55 kq) bürünc, yunan-Roma güləşçilərindən Elmir Əliyev (55 kq) qızıl, Davud Məmmədov (77 kq) gümüş, Fəraim Mustafayev (63 kq) və Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıb.
Ceyhun Allahverdiyev Avropa çempionu oldu, Yusif Dursunov gümüş medal qazandı