Xəbərlər


Əsmər Cankurtaran və Ruzanna Məmmədova Avropa üçüncüsü olublar

İspaniyanın Santyaqo de Kompostela şəhərində iyirmi yaşadək güləşçilər arasında (U-20) Avropa birinciliyi davam edir.
"Neftçi” İdman Klubunun qadın güləşçiləri nüfuzlu yarışın iki medalını qazanıblar.
Təmsilçilərimizdən Əsmər Cankurtaran (50 kq) təsnifat mərhələsində türkiyəli Zerda Demirə minimal fərqlə (6:7) məğlub olub. Rəqib finaladək yüksəldiyi üçün xanım idmançımız təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Bu mərhələdə macarıstanlı Bianka Fata tam üstünlüklə (15:5) qalib gələn Əsmər Cankurtaran isveçrəli Svenya Junqonu da 9:6 hesabı ilə məğlubiyyətə uğradıb və bürünc medala layiq görülüb. 
Ruzanna Məmmədova (55 kq) moldovalı Lina Nitaya "tuş"la qalib gəlsə də, dörddəbir finalda rumıniyalı Karla Lirkaya məğlub olub - 4:5. Rəqibin finala yüksəlməsi güləşçimizə üçüncülük uğrunda mübarizə aparmaq imkanı yaradıb. Ruzanna Məmmədova norveçli Felisitas Domayeva üzərində qələbə qazanıb (9:6) və qitə birinciliyinin bürünc medalına sahib olub.
Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Elmir Əliyev (55 kq) qızıl, Davud Məmmədov (77 kq) gümüş, Fəraim Mustafayev (63 kq) və Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıb.