Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatı davam edir.
Bu gün "Neftçi İdman Klubu"nun yığma komandamızın heyətində yer alan iki sərbəst güləşçisi mükafata layiq görülüb.
Təmsilçilərimizdən İslam İlyasov (97 kq) təsnifat mərhələsində almaniyalı Ertuğrul Ağcaya qalib gəlib – 5:0. O, dörddəbir finalda bolqarıstanlı Kolyo Dimitrovu xalsız qoyub – 6:0. İdmançımız yarımfinalda macarıstanlı Riçard Veqi eyni hesabla üstələyərək ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının finalına yüksəlib. İslam İlyasov həlledici görüşdə türkiyəli Oktay Çiftçini sınağa çəkib. Rəqibinə 6:1 hesabı ilə qalib gələn pəhləvanımız titulunu qoruyaraq, ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qalibi olub.
Yarışa dörddəbir finaldan başlayan Səbuhi Əmiraslanov (79 kq) çətinlik çəkmədən polşalı Mateuş Pedziçkini mübarizədən kənarlaşdırıb – 10:0. O, yarımfinalda böyüklər arasında son Avropa çempionu Georgios Kuqiumtsidisə (Yunanıstan) məğlub olub – 2:5. Səbuhi Əmiraslanov bürünc medal uğrunda ermənistanlı Narek Qriqoryanla üz-üzə gəlib və 4:1 hesablı qələbə qazanaraq fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb.