Xəbərlər


Gənc boksçularımız respublika birinciliyini ikinci pillədə başa vurublar

Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyi sona yetib. Respublika Boks Mərkəzində təşkil olunan və yeddi gün davam edən yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 58 komandanın tərkibində 175 boksçu 13 çəki dərəcəsi üzrə mübarizə aparıb. 
"Neftçi İdman Klubu”nun yetirmələri turnirdə uğurla çıxış edərək 1 qızıl, 2 gümüş, 3 bürünc medal qazanıblar və komanda hesabında ikinci yeri tutublar.
Gənc boksçularımızdan 80 kiloqram çəki dərəcəsində mübarizə aparan İlfan Xəlilli bütün döyüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionu tituluna sahib olub. Finala qədər inamla irəliləyən və bu mərhələdə məğlub olan Rza Novruzovla (86 kq) Qurban Cəfərov (92 kq) gümüş medalla kifayətləniblər. Digər idmançılarımız – Aslan Sarıyev (48 kq), Uğur Tağıyev (60 kq) və Ayxan Əliyev (67 kq) isə üçüncü pillədə qərarlaşıblar.
Qeyd edək ki, ölkə birinciliyinin mükafatçıları yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.