Xəbərlər


Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.
Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan  Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Çoxsaylı insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.
Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.
Milli Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olunub.