Xəbərlər


Paracüdo üzrə Azərbaycan milli komandası dünya çempionu olub

Paracüdo üzrə kişilərdən ibarət Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının komanda yarışlarında qızıl medal qazanıb. Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda milli komandamız startda Gürcüstan (4:3), dörddəbir finalda Özbəkistan (4:2), yarımfinalda isə Qazaxıstan (4:2) yığmasını məğlub edib və finala yüksəlib. Həlledici qarşılaşmada Türkiyə yığması ilə üz-üzə gələn millimiz görüşü 4:2 hesablı qələbə ilə başa vuraraq dünya çempionu olub.
Qeyd edək ki, Azərbaycan seçməsinin heyətində İsmayıl Muradov (60 kq, J1), Namiq Abaslı (73 kq, J2), Hüseyn Rəhimli (73 kq, J2), Zakir Mislimov (90 kq, J1), Kənan Abdullaxanlı (+90 kq, J2) və İlham Zəkiyev (+90 kq, J1) mübarizə aparıblar ki, onların da hamısı "Neftçi İdman Klubu”nun təmsilçiləridi.
Xatırladaq ki, klubumuzun yetirmələri fərdi yarışı bir gümüş, üç bürünc medalla başa vurublar. Paracüdoçularımızdan İlham Zəkiyev (+90 kq) gümüş, Şəhanə Hacıyeva (48 kq), Xanım Hüseynova (70 kq) və Namiq Abaslı (73 kq) isə bürünc medal qazanıb.
Onu da əlavə edək ki, Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran və  41 ölkədən 250-dək paracüdoçunun qalib adı  uğrunda mübarizə apardığı dünya çempionatında "Neftçi İdman Klubu"nun baş meneceri Elmar Babanlı Beynəlxalq Görmə Məhdudiyyətli Şəxslərin İdman Assosiasiyası (İBSA) Cüdo Komitəsinin Avropa üzrə koordinatoru qismində iştirak edib.
Paracüdo üzrə Azərbaycan milli komandası dünya çempionu olub