Xəbərlər


 İdmançılarımız Bakıda keçirilən paracüdo üzrə dünya çempionatında ölkəmizə ilk medalları qazandırıblar

Bakıda paracüdo üzrə dünya çempionatına start verilib.
Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda "Neftçi İdman Klubu"nun təmsilçisi Şəhanə Hacıyeva (48 kq J2) ölkəmizə ilk medalı qazandırıb. Üçüncü yer uğrunda görüşdə tayvanlı rəqibi Kai-Kin Liyə qalib gələn paracüdoçumuz bürünc medala sahib olub. Digər paralimpiyaçımız Namiq Abaslı (73 kq J2) da eyni uğuru təkrarlayıb. O, bürünc medal uğrunda qarşılaşmada komanda yoldaşı Hüseyn Rəhimlini məğlub edib.
Qeyd edək ki, "Neftçi İdman Klubu"nun baş meneceri Elmar Babanlı çempionatda Beynəlxalq Görmə Məhdudiyyətli Şəxslərin İdman Assosiasiyası (İBSA) Cüdo Komitəsinin Avropa üzrə koordinatoru qismində iştirak edir.
Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran və noyabrın 10-dək davam edəcək  turnirdə  41 ölkədən 250-dək paracüdoçu qalib adı  uğrunda mübarizə aparır.