Xəbərlər


22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür

Bu gün böyük ziyalımız Həsən bəy Zərdabinin 1875-ci il 22 iyul tarixində nəşr etdirdiyi "Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımızın yaranmasından 147 il ötür.
"Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin "Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.
O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
Hörmətli media nümayəndələri, "Neftçi İdman Klubu” sizi 22 iyul Milli Mətbuat Günü münasibəti ilə təbrik edir, çətin, məsuliyyət tələb edən şərəfli işinizdə obyektivlik və yüksək peşəkarlıq arzulayır.