Xəbərlər


Sərbəst güləşçimiz Sabir Cəfərov Avropa ikincisi olub

İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə U-20 Avropa birinciliyi sona çatıb.
"Neftçi İdman Klubu”nun millimizin heyətində yer alan sərbəst güləşçisi Sabir Cəfərov (70 kq) startda belçikalı Muhəmməd Abdurəhmanovdan güclü olub - 5:0. Həmyerlimiz səkkizdəbir finalda almaniyalı Adrian Barnovskini mübarizədən  kənarlaşdırıb - 5:4. Təmsilçimiz növbəti mərhələdə avstriyalı Benedikt Huberi tam üstünlüklə məğlub edib - 11:0. Yarımfinalda italiyalı Raul Kasoya 3:0 hesabı ilə qalib gələn Sabir Cəfərov finala yüksəlib. Həlledici qarşılaşmada son saniyələrdə erməni Hayk Papikyana məğlub olan (2:3) güləşçimiz qitə birinciliyinin gümüş medalına layiq görülüb.
Xatırladaq ki, nüfuzlu yarışın əvvəlki günlərində klubumuzun yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) qızıl, Nihat Məmmədli (60 kq) və Kənan Abdullazadə (67 kq) isə bürünc medala sahib olublar.