Xəbərlər


İddiaçılar turniri: Teymur Rəcəbov çinli Dinq Lireni məğlub edib

"Neftçi İdman Klubu"nun şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan iddiaçılar turnirində  növbəti görüşünü keçirib. Otuz beş yaşlı qrossmeyster XII turda qara fiqurlarla turnir cədvəlinin və dünya reytinqinin ikincisi, çinli Dinq Liren ilə üz-üzə gəlib. Qarşılaşma 26-cı gedişdə təmsilçimizin  qələbəsi ilə sona yetib. 
Beləliklə, bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran Teymur Rəcəbov hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Siyahıya 8,5 xalla Yan Nepomnyaşi başçılıq edir.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.