Xəbərlər


Güləşçilərin Avropa birinciliyindən daha 2 medal

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa birinciliyi davam edir.
"Neftçi İdman Klubu"nun yunan-Roma güləşçiləri mötəbər yarışın daha 2 medalına sahib olublar. Təmsilçilərimizdən Nihat Məmmədli (60 kq) ilk mərhələdə alman Eugen Şellə heç bir şans tanımayıb - 8:0. Növbəti mərhələdə polşalı Oliver Şkripçakı vaxtından əvvəl xalçadan məyus yola salan (13:5) güləşçimiz yarımfinalda erməni Suren Ağacanyanla bacarmayıb - 1:9. İdmançımız bürünc medal uğrunda görüşdə isveçli İlyas Ayhana 6:0 hesabı ilə qalib gəlib və qitə birinciliyini üçüncü yerdə başa vurub.
Digər güləşçimiz Kənan Abdullazadə (67 kq) təsnifat mərhələsində fransalı Maqomed Qataqayevi (3:2), səkkizdəbir finalda isə litvalı Rokas Çepauskası sonuncu xal prinsipinə əsasən (4:4) üstələyib. Dörddəbir finalda macar Amadeuş Vitek üzərində təmiz qələbə (8:0) qazanan pəhləvanımız yarımfinalda gürcü Nika Broladzeyə uduzub - 1:4. Kənan Abdullazadə üçüncü yer uğrunda qarşılaşmada israilli Şon Nadorgini 5:1 hesabı ilə mğlubiyyətə uğradıb və Avropa birinciliyinin bürünc medalına sahib olub.
Xatırladaq ki, daha əvvəl klubumuzun yetirməsi Nihad Quluzadə (55 kq) Avropa çempionu olub.