Xəbərlər


Güləşçilərin reytinq turnirindən daha bir medal

İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə Matteo Pellikone turniri davam edir.
Yarışın ikinci  günündə "Neftçi İdman Klubu"nun yunan-Roma güləşçisi Ülvü Qənizadə (72 kq) xalça üzərinə çıxıb. Pəhləvanımız təsnifat mərhələsində 23  yaşadək güləşçilər arasında Avropa çempionu olmuş Kristian İştvan Vançaya (Macarıstan) qalib gəlib - 5:1. O,  dörddəbir finalda eyni hesabla moldovalı Valentin Petiçi üstələyib. Güləşçimiz  yarımfinalda norveçli Haavard Yorgenseni də məğlubiyyətə uğradıb - 3:1. Ancaq Ülvi Qənizadə ayağından zədələndiyi üçün  finalda litvalı rəqibi  Kristupas Sleyvayla görüşə çıxmayıb və reytinq turnirindən gümüş medalla ayrılıb.
Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq)  qızıl, Eldəniz Əzizli (60 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medala layiq görülüb.