Xəbərlər


İddiaçılar turniri: Teymur Rəcəbov macarıstanlı şahmatçı ilə qarşılaşacaq

Bu gün İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 6-cı turun oyunları keçiriləcək.
"Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov növbəti turda ağ fiqurlarla macarıstanlı Riçard Rapportla mübarizə aparacaq. Otuz beş yaşlı qrossmeyster I, III, lV və V turlarda, müvafiq olaraq, Fransa təmsilçisi Alireza Firuzca, FIDE bayrağı altında yarışan Yan Nepomnyaşi, polşalı Yan-Kşiştof Duda və çinli Dinq Liren ilə heç-heçəyə razılaşıb, II turda isə ABŞ təmsilçisi Hikaru Nakamuraya məğlub olub. Təcrübəli şahmatçımız hazırda 2 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Lider isə 3,5 xala sahib olan Yan Nepomnyaşidir.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.